Roza Zərgərli oğluna niyə kömək etmir? – Özü açıqladı

Roza Zərgərli oğluna niyə kömək etmir? - Özü açıqladı

“Sosial şəbəkədə ac qalmağımla bağlı etdiyim paylaşım mənə məxsusdur. Həqiqətən də çətin vəziyyətdə olduğum üçün belə yazmışam”.

Bu sözləri Globalinfo.az-a müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov sosial şəbəkələrdə yardım istəməsi haqda danışarkən deyib.

O, işə ehtiyacı olduğunu qeyd edib:

“Dövlətin mənə verdiyi evdə tək yaşayıram. Düzdür, kimdənsə pul istəmirəm, amma işə ehtiyacım var. Çox adam yazır ki, kart göndər, pul köçürək. Onlardan mənə iş tapmağı xahiş edirəm. Nə vaxta kimi pul köçürəcəklər? Mənə konkret iş lazımdır. İşim olsa, evimə çörək ala bilər və elə bir paylaşım etməzdim”.

Jerard Qafarov ali təhsilinin olmadığını bildirib:

“Diplomum olmasa da, bacarıqlarım var. Özüm keramika üzərində işləmişəm, florist olaraq çalışmışam, fast-fud restoranında aşpaz işləyirdim. Belə qidaları asanlıqla hazırlayıram. İş olsa, mən də işləyib çörəkpulumu qazanaram”.

J.Qafarov ailəsinin ona niyə kömək etməməsi ilə bağlı suala cavab vermək istəməyib.

Məsələ ilə bağlı müğənni Roza Zərgərli “Qafqazinfo”ya özəl açıqlama verib.

O, Jerardın yazdıqlarına belə reaksiya verib: “Balaca oğlumun 26 yaşı var, hərbi xidmətdə olub. 22 yaşında himayəmdən çıxıb, çünki artıq həddi-büluğa çatmış oğlandır. İşlə də, hər şeylə də təmin etmişik. Bu insan dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi. İki qardaşdırlar. Böyük qardaşını da hamı tanıyır, 30 yaşı var. Əgər bir evin iki uşağından biri işləyir, məvacib qazanır və özünü dolandırırsa, 26 yaşında bir gənc bugünkü gündə Azərbaycanda bir işdə dayana bilmirsə, artıq problem həmin gəncdədir. Dövlətimizdə bu dəqiqə işsizlik deyilən bir şey yoxdur. Dövlətimiz vaxtında hər ikisini evlə təmin edib. Mənim rayondan gələn qan qohumum olan elə uşaqlar var ki, həm təhsil alırlar, həm də öz gündəlik xərclərini işləyib qarşılayırlar. O gənclə bu gənc arasında nə fərq var? Yaş fərqi var. O gənclər daha körpədir. Bunun isə 26 yaşı var. 26 yaşlı gənc Azərbaycanda artıq ailə başçısı olur, nüfuzu olur. Bu insanın özünün psixoloji problemləri var. Bu haqda bir daha danışmayacağam. Allah hər şeyi görür”.

Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var.

Zaira Akifqızı
Globalinfo.az