Rasim Balayev aldadıldığını açıqladı – Qalmaqal

“Əslində, BBC-nin jurnalisti məni müsahibəyə dəvət edəndə getməkdə tərəddüd etdim”.

Bu sözləri Globalinfo.az-açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

O, müsahibəyə sənətinə aid sualların veriləcəyini düşündüyü üçün razılaşdığını deyib:

“Mən mövzu haqda soruşanda, dedilər, kino ilə bağlı suallar olacaq. Düşündüm, elə öz sahəmə aiddir. Amma jurnalist söhbəti siyasətə apardı. Mən aktyoram, siyasətçi, tarixçi deyiləm. Bəziləri mənə yaltaq deyirlər. Fakt budur ki, o kişi (Prezident İlham Əliyev – red.) bizi 30 illik biabırçılıqdan qurtarıb, onun siyasəti nəticəsində əsgərlərimiz vuruşub, Qarabağı azad ediblər. Niyə təşəkkür etməyim?! Görünür, unudublar”.

R.Balayev vurğulayıb ki, xalqa mənfi söz deməyib:

“İnanın Allaha, müsahibə zamanı çox əsəb keçirdim. Orada əsəbdən nə dediyimi bilmədim. “Kütlə” sözünə görə indi məni tənqid, təhqir etdirirlər ki, guya xalqa “kütlə” demişəm. “Kütlə”ni kimə dediyimi ağlı yerində olan hər kəs gözəl bilir. Yenə deyirəm, əgər bilsəydim ki, mənə artıq suallar veriləcək, müsahibəyə razılaşmazdım”.

Zaira Akifqızı
Globalinfo.az