Ramanada yaşayış evində partlayış: yaralı var – FOTO / VİDEO

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yerləşən fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan yaralıya yerində yardım göstərilib.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzdən Globalinfo.az-a məlumat verilib.

“1 nəfərə (qadın cinsli) aşağı ətrafın 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə yerində yardım olunub”- qeyd olunub.

***

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.