Qurban kəsənlərin nəzərinə: Bunlar doğru bildiyimiz yanlışlardır

“Məlumdur ki, insanlıq tarixinin ən qədim bayramlarından biri Qurban bayramıdır. Ölkəmizdə də bu bayrama xüsusi bir sevgi var. Mənəviyyata bağlı olan xalqımız Qurban bayramını özəl şəkildə dəyərləndirir. Hər halda təqdir olunan bu bayram zamanı gözəlliklər yanında xətalara da yol verilir”.

Bu sözləri Globalinfo.az-a ilahiyyatçı Ağa Hacıbəyli qurban kəsimində edilən yanlışlar və doğrular haqda danışarkən deyib.

O, öncə xətadan deyil, vəzifəmizdən bəhs etmək istəyib:

“Açığı, biz Həcc ziyarətinə getsək görərik ki, əslində, qurbanın kəsilməsi vacib olan yer məhz oradır. Amma gedə bilmədiyimiz üçün qurbanlarımızı ölkəmizdə kəsirik. Ona görə də, bayram günü bizim iki böyük vəzifəmiz var:

Birincisi, biz gözəl şəkildə camaatla bayram namazı qılmalıyıq. İkincisi isə ondan sonra qurban kəsib, paylamalıyıq”.

Bəs xətalar nə zaman ortaya çıxır?

“Bəzən qurban kəsərkən heyvan seçimində xətaya yol veririk. Məsələn, ən gözəl heyvanlar arasında yaxşısı qalır kənarda, buynuzu qırıq və ya arıq, yaşı tamam olmayanı, xəstə olanını kəsirik. Bu, doğrudan da etdiyimiz xətalardandır. Bəzən qurban kəsdiyimiz vaxt heyvanı qurbangaha gətirən zaman onu incidərik, kəsim yerlərində müəyyən naxoş görüntülər yaradarıq. Bu da xoş qarşılanmır. Eyni zamanda, bir çox hallarda kəsdiyimiz qurbanları daha çox zəngin adamlar arasında paylaşırıq. Bunlar bizim bayram vaxtında etdiyimiz kiçik qüsurlardır. Hər halda Allah bağışlayar”.

İlahiyyatçının sözlərinə görə, qurban kəsərkən ən gözəl heyvanları seçmək daha savabdır:

“Çünki Allah gözəldir və onun adına seçilən heyvanlar da gözəl olmalıdır. Kəsim yerlərində nələrə diqqət etməliyik: heyvanları incitmək, onların gözü önündə digər heyvanı kəsmək, gördükləri halda bıçaqları itiləmək olmaz. Eyni zamanda da kəsdiyimiz heyvanların təbii ki, qanını, dərisini, qalan qalıqlarını da təmizləməliyik ki, daha gözəl görüntü olsun. Sevgili peyğəmbərimiz buyurur ki, Qurban bayramı günü qurban kəsməyən insan namaza yaxınlaşmasın. Bu qədər əzəmətli bir gün münasibətilə xalqımızı təbrik edirəm! İnşallah bu il qurbanlarımızı Xanın kəndində, Xocalıda, Ağdərəmizdə kəsəcəyik. Arzum budur ki, növbəti ildə də qurbanlarımız Zəngəzurda kəsilsin!”

Zaira Akifqızı
Globalinfo.az