Azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun oğlu Emin Bayramlı erməni lobbisinin ən böyük siyasi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) iclasında çıxış etməyə hazırlaşır.
Emin Bayramlı ilə bərabər, iclasda özlərini separatçıların “ombudsmanı” elan etmiş Geqam Stepanyan və qondarma rejimin “hüquqlarını müdafiəsi komitəsinin rəhbəri” Karnik Kerqanyan da iştirak edəcək. Amerika Erməniləri Milli Komitəsinin tədbirində Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə ediləcək.
Amerika Erməniləri Milli Komitəsi (ANCA) erməni lobbisinin ən böyük siyasi təşkilatıdır. ANCA Birinci Dünya müharibəsindən sonra keçmiş konsul Vahan Kardaşyan tərəfindən qurulan Müstəqil Ermənistanın Amerika Komitəsinin (ACIA) bir qoludur.
Bu lobbi erməni diasporunun, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qorumaqla məşğuldur. Amerikanın, eləcə də, Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, “Daşnaksütun” partiyası ilə sıx əlaqələrə malikdir. Başqa erməni təşkilatları ilə birgə “erməni soyqırımı”nın tanınması məqsədi ilə kampaniyalar təşkil edir və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur.
Erməni lobbisinin əsas məqsədləri isə Qondarma “erməni soyqırımı”nı tanıtmaq, erməni diasporunun siyasi proseslərdə iştirakını təmin etmək, ABŞ-Ermənistan əlaqələrini gücləndirmək, Ermənistan və “Dağlıq Qarabağ” separatçılarına dəstək əldə etmək, erməni diasporunun maraqlarına uyğun olaraq ABŞ – ın xarici siyasətinə təsir etməkdir.
Globalinfo.az-a danışan AĞ partiya başqanı Tural Abbaslı deyib ki, Azərbaycandakı demokratiya, insan haqları problemlərinin xarici ölkələrdə müzakirəsi düzgün deyil:
“Bu bizim daxili məsələmizdir və həlli də yenə ölkə daxilindədir. Bir müzakirə olacaqsa, ölkəmizdə aparılmalıdır. Təəssüf ki, bu gün bəzi insanlar beynəlxalq təşkilatlarda bu məsələləri qaldırır, bununla nəyəsə nail olacağını zənn edir. Bu şəxslər əmin olsun ki, xarici ölkələrdə panellərə, dəyirmi masalara, təşkilat iclaslarına qatılıb, qeyd etdiyim məsələləri dilə gətirib, müzakirə etməklə nəyəsə nail ola bilməyəcəklər. Heç həmin təşkilatları, qurumları da Azərbaycandakı demokratik vəziyyət maraqlandırmır. Bu sadəcə onlara Azərbaycana təsir etmək üçün imkan yaradır.
O ki qaldı Amerika Erməniləri Milli Komitəsinin (ANCA) iclasına, deyə bilərəm ki, heç bir erməni təşkilatının Azərbaycana faydası ola bilməz. Üstəlik iclasda özlərini separatçıların “ombudsmanı” elan etmiş Geqam Stepanyan və qondarma rejimin “hüquqların müdafiəsi komitəsinin rəhbəri” Karnik Kerqanyan da iştirak edəcək. Hesab edirəm, bu şəxslərin timsalında belə iclasın məqsədi, məramı aydındır. Emosiyalara qapılıb, dövlət maraqlarını təhlükəyə atmaq olmaz”.
Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, məhkəmə bu ilin aprel ayının 22-də Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.
Turan Rzayev














