Bu günlərdə xəbər yayıldı ki, iqtisadçı ekspert Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb. Bu məlumatı onun qardaşı Qalib Toğrul özünün facebook hesabında paylaşmışdı. Bildirilirdi ki, Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) artıq fəaliyyət göstərməyəcək.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan ADR partiyasının Qarabağ Komissiyasının sədri Əlövsət Sadıqlı deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, ADR partiyası 3 gün öncə toplantı keçirib:
“Qubad bəylə birlikdə idarə heyətinin toplantısını keçirmişik, ADR-in perspektiv fəaliyyəti haqqında müzakirələr aparmışıq. Belə bir qənaətə gəlmişik ki, siyasi partiya kimi fəaliyyət göstərməmiz üçün mütləq “Siyasi partiyalar haqqında” qəbul olunmuş qanunun yeni formatında öz işimizi qurmalıyıq. Onsuz da Azərbaycanda bütün siyasi partiyalar bu istiqamətdə işlərini qurublar, qeydiyyatdan keçənlər də keçib”.
Ə.Sadıqlı yeni qəbul olunmuş qanunun əleyhinə olduqlarını bildirib:
“Sadəcə, hazırda tək qalmışıq və qanunu dəyişəcək hər hansı gücə malik deyilik. Ona görə də, siyasi partiya olaraq fəaliyyət göstərmək istəyiriksə, mütləq qanunun tələblərinə uyğun addım atmalıyıq. Bu səbəbdən də qanunun 4.7-ci maddəsinin tələblərinə əsasən qeydiyyatdan keçəcəyik. Görüş zamanı qərarımız məhz belə olub. Başqa bir qərar da yoxdur. Gündəmdə olan müzakirə bizim idarə heyətinin mövqeyini ifadə etmir. Partiya kimi fəaliyyətimizi davam etdirəcəyik. Partiyanın buraxılması xəbəri kökündən yanlışdır. Qubad İbadoğlu ADR-in sədri olaraq da qalacaq”.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Globalinfo.az-a açıqlamasında qardaşının fəaliyyətini dayandırdığını bir daha təsdiq edib:
“Daha öncə verdiyim açıqlama mənim yox, Qubad bəyindir. Açığı, ADR partiyası ilə heç bir əlaqəm yoxdur. Məsələ partiyanın buraxılmasında deyil. Hələ 2023-cü ilin yanvar ayının 10-da, yəni “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan bir gün sonra Qubad bəy ADR partiyasının təyinatlı strukturlarını buraxıb. Çünki qanunun 4.7-ci maddəsinə görə, qeydiyyata alınmayan siyasi partiya fəaliyyət göstərə bilməz. ADR partiyası 2023-cü ilin yanvar ayından fəaliyyət göstərmədiyi üçün onu partiya adlandırmaq yanlışdır. Bu məsələ qanunvericiliyin tələbinə uyğun olaraq həll olunur. 2023-cü ilin iyul ayının 10-da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib, 23-də isə qardaşım həbs olunub. Bu səbəbdən də partiya ilə bağlı yekun açıqlamanı verə bilməyib. Təcridxanadan çıxdıqdan sonra artıq Qubad İbadoğlu bunu bir daha xatırlatdı ki, ADR partiyası “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq fəaliyyətini dayandırmalıdır. Çünki fəaliyyəti qanunazidd hesab olunur və inzibati məsuliyyət doğurur. Bir sözlə, partiya siyasi fəaliyyətinə görə cərimə oluna bilər”.
Qalib Toğrul Qubad İbadoğlunun siyasətdən getmə xəbərinin doğru olduğunu deyib:
“Hazırda qardaşımın səhhəti çox kritikdir. Xüsusilə ürəyində ciddi problemlər var. Bu səbəbdən də sağlamlığını bərpa edənə qədər siyasi fəaliyyətinə fasilə verib. Çünki həkimlər ona gərgin iş rejimində çalışmağı, əsəbləşməyi qadağan edir. O, sakit və rahatlıq gətirən bir mühitdə olmalıdır ki, müalicə də öz effektini versin. İndi elə bir vəziyyətdir ki, Qubad bəyin ürəyi tam o sərhəddədir. Aortanın ölçüsü 52-mm-ə çatıb. Artıq 52-mm-dən sonra cərrahi müdaxilə tələb olunur. Bu isə açıq ürək əməliyyatından da mürəkkəb bir əməliyyatdır. Burada damar və klapanlar dəyişir. Ona görə də çalışırıq ki, qardaşım mümkün qədər səhhətinə fikir verib, sağlamlığını bərpa etsin”.
Zaira Akifqızı
Globalinfo.az














