Qondarma rejimin keçmiş “lideri”: “2008-ci ildə demişdim ki…”

Qondarma rejimin keçmiş “lideri”: “2008-ci ildə demişdim ki...”

“Bidzina İvanişvilinin osetinlərdən üzr istəmək təklifi cəsarətli bəyanatdır, amma onun səmimiliyinə inanmaq üçün tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu qondarma Cənubi Osetiya Respublikasının keçmiş lideri Eduard Kokoyte deyib.

“İvanişvilinin bəyanatında yeni heç nə yoxdur. Mən 2008-ci ildən deyirəm ki, eks-prezident Mixail Saakaşvili və onun tabeliyindəkilər beynəlxalq cinayətkarlardır. Onları mühakimə etmək lazımdır. Lakin hər şeydə Saakaşvili və ABŞ-ı ittiham etmək doğru deyil, çünki məsuliyyət bütün Gürcüstanın üzərindədir. Onlar bizim müstəqilliyimizi tanımaqdan imtina etdilər və Amerikanın marioneti oldular”, – Kokoyte bildirib.

O deyib ki, Gürcüstan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, onunla müqavilə imzalamalıdır. Həmçinin Tbilisini heç vaxt bağışlamayacaqlarını söyləyib və osetinləri İvanişviliyə inanmamağa çağırıb.

Qeyd edək ki, Bidzina İvanişvili sentyabrın 15-də Qoridə çıxışı zamanı Gürcüstanın osetinlərdən üzr istəməli olduğunu bildirib. O, 2008-ci ildə müharibənin başlamasında bir daha Mixail Saakaşvilini günahlandırıb. İvanişvilinin bəyanatı müxalifət və QHT-lər tərəfindən kəskin tənqidlə qarşılanıb.

Eduard Kokoyte 2008-ci il müharibəsi zamanı qondarma rejimin rəhbəri olub. O, kriminal keçmişi və Rusiya xüsusi xidmət orqanlarına yaxın əlaqəsi ilə tanınır. Məhz Kokoyte müharibədən sonrakı dönəmdə qondarma rejimdə əsas proseslərə nəzarət edən şəxs sayılır.

Əliyar Xəlil
Globalinfo.az