Qırğızıstan prezidentinin Azərbaycana səfər proqramı

sadir japarov

Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev “Sputnik Qırğızıstan”a müsahibəsində məlumat verib.

O bildirib ki, səfər zamanı 10-dan çox sənədin imzalanması planlaşdırılır.

Həmçinin, artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu hotelin tikintisi müzakirə ediləcək.

Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında SPECA-nın Bakıda keçirilən sammitində iştirak edib:

“Bununla yanaşı, hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onların arasında dərin işgüzar münasibətlər mövcuddur. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib”.

“O da məlumdur ki, Sadır Japarov planetin dağlıq nöqtələrində yerləşən ölkələrin maraqlarının müdafiəsi istiqamətində siyasət həyata keçirir. Onun bu siyasətini dəstəkləyən ölkələrin də sayı artmaqdadır. Azərbaycan da həmin bu dost dövlətlər arasında yer alıb”, – diplomat deyib.