Qəzzada xəstəxanaya raketi kim atıb? – Mübahisə və müəmma böyüyür

Xəbər verdiyimiz kimi, İsrail ordusu Qəzzada yerləşən Əhli-ərəb xəstəxanasının HƏMAS tərəfindən raketlə vurulmasına dair səs yazısı yayıb. Maraqlıdır, HƏMAS-ın raket atışı zamanı belə bir səhvə yol verməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, hücumun kimin tərəfindən edildiyini müəyyənləşdirmək çətindir.

Onun sözlərinə görə, Qəzzada əməliyyat keçirən İsrail ordusu olduğu üçün ilk diqqətlər onun üzərinə yönəlir:

“Lakin HƏMAS-la müharibə aparan İsrailin xəstəxananı niyə vurduğu da müəmmalıdır. Əgər xəstəxanada, yaxud xəstəxananın altında HƏMAS-a məxsus hərbi texnika olsaydı, İsrail bunu vurduqdan sonra rəsmi açıqlama verərdi. Çünki qruplaşmanın mülki obyektləri hərbi infrastruktur kimi istifadə etdiyi halları olub və İsrail bu hədəfləri vurmasını gizlətməyib. Xəstəxananın vurulması isə ziddiyyətlidir. HƏMAS və İsrail bir-birini ittiham edir. Yayılan səs yazısı atılan raketin HƏMAS-a məxsus olduğu və səhvən ora düşdüyü rəyini yaradır, amma bu da tam təsdiq üçün yetərli deyil”.

Asif Nərimanlı

A.Nərimanlı səs yazısının montaj ola biləcəyini deyib:

“Belə vəziyyətlərdə yalnız bir amilə diqqət yetirmək lazımdır: baş verən hadisənin – xəstəxananın vurulmasının nəticəsi kimə sərfəlidir? Xəstəxananın vurulması nəticəsində yüzlərlə mülki insan həlak oldu və bu, dünyada ictimai rəyi İsrailə qarşı çevirdi. Əgər İsrail müharibənin ilk günündə, yəni HƏMAS-ın hücumundan sonra beynəlxalq ictimai rəydə haqlı idisə, xəstəxananın vurulması nəticəsində onun haqlı mövqeyi zəiflədi. Bu baxımdan, hadisənin İsrailin maraqlarına uyğun olduğunu demək çətindir və bu halda, raketin HƏMAS tərəfindən atıldığı ehtimalı önə çıxır.

Belə bir hadisənin baş verməsi HƏMAS-ın mübarizəsini legitimləşdirir, bütün mülki fələstinliləri əlinə silah almağa sövq edir. Bütün bunların fonunda HƏMAS-İsrail müharibəsinin daha da kəskinləşməsi və uzanmasını istəyən tərəf də bu hücumu təşkil edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az