Qərbin Ermənistan planı: Ukrayna ssenarisi İrəvanda təkrarlanacaq? – Şarmazanov

“Ermənistan ilk növbədə Moskva və Tehranla siyasi, iqtisadi və müdafiə sahəsində müttəfiqlik münasibətlərini gücləndirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov deyib.

O bildirib ki, Avropa İttifaqı Ermənistanı gözləmir.

“Qərb Ermənistandan yalnız anti-Rusiya fəaliyyəti üçün istifadə edir. Biz hansı referendumdan danışa bilərik? Qərb rəsmiləri Ermənistanın Avropa Birliyinə üzv olması ilə bağlı riskləri azaltmağa söz veribmi? Ermənistanın təhlükəsizliyi, onu qorumaq haqda danışılıbmı? Avropalılar əvvəlcə türkləri öz sərhədlərindən kənarlaşdırmalı, yalnız bundan sonra ermənilərə vədlər verməlidirlər. Qərb Gürcüstanda həyata keçirə bilmədiklərini indi Ermənistanda reallaşdırmağa çalışır. Ölkəni Rusiyaya qarşı sınaq meydanına çevirirlər”.

Şarmazanov Ukraynanın başına gələnləri xatırladıb.

“Bir vaxtlar Avropanın ən böyük dövləti olan Ukrayna indi parçalanıb. Artıq 2018-ci ildə məxməri inqilab bəhanəsi ilə Ermənistanda da ciddi geosiyasi dəyişikliklər baş verib. Bunun məqsədi Ermənistanı Rusiya ilə ittifaqdan çıxarmaq və Qərbə doğru xarici siyasət kursunu dəyişməkdir. Təbii ki, biz Aİ ilə qarşılıqlı fəaliyyətin əleyhinə deyilik. Ancaq Ermənistanın gələcəyi iqtisadi, siyasi və hərbi sahədə Moskva və Tehranla müttəfiqliyin möhkəmlənməsi və dərinləşməsindən keçir”, – Şarmazanov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az