Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir. Müdafiə Nazirliyi də məsələ ilə bağlı tez-tez xəbərdarlıq edir. Nəticədə bölgədə gərginliyin artması müşahidə olunur.
Bəs hazırkı vəziyyətdə Bakı hansı addımları atmalı, təxribatlara necə cavab verməlidir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov Ermənistanın bölgədə gərginliyi artırmağa çalışdığını, Aİ-nin missiyasını himayəçi kimi gördüyünü qeyd edib:
“2020-ci il 10 Noyabr bəyanatına əsasən Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi Ermənistan silahlı qüvvələrinin qalıqlarının regionu tərk etməsi ilə paralel olaraq həyata keçirilməli idi. Sülhməramlılar bölgədə müvəqqəti olaraq yerləşdirilsələr də, separatçı tör-töküntü nəinki bölgəni tərk edir, əksinə, yeni silah-sursat, texnikalar, diversantlar əraziyə daşınır. Digər tərəfdən ötən ilin dekabr ayından etibarən ekofəalların həyata keçirdiyi aksiyaya rəğmən qeyd edilən addımlarla Ermənistan hakimiyyəti bölgədə gərginliyi artırmağa çalışır. Bu təxribatlar Avropa İttifaqının mülkü missiyasının Ermənistan ərazisində yerləşməsindən sonra getdikcə güclənib. Rəsmi İrəvan bu missiyanı özləri üçün himayədar, arxalarında duran qüvvə kimi qələmə verir”.
Politoloq qeyd edib ki, Rusiya Azərbaycanla imzaladığı bəyannaməyə zidd mövqe sərgiləyir:
“Təəssüf doğuran məqam isə odur ki, martın 5-də baş verən insident nəticəsində itkilərin olmasına baxmayaraq, sülhməramlıların iştirakı ilə bölgəyə silah-sursatın daşınmasına davam edilir. Düşünürəm ki, bu, bənzər halların aradan qaldırılması üçün Azərbaycan və Rusiya arasında danışıqları zəruri edir. Çünki burada söhbət Azərbaycanın təhlükəsizliyindən, ərazi bütövlüyündən, suverenliyindən, sərhədlərinin toxunulmazlığından gedir. Azərbaycan və Rusiya arasında ötən ilin fevral ayında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan bəyannamənin bəzi maddələrində Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı fikirlərə rast gəlirik. Reallıqda isə başqa mənzərəyə şahid oluruq və bu, iki ölkə arasında imzalanan sənədlərə ziddir. Bu cür münasibət qəbuledilməzdir.
Bütün bunlara cavab olaraq Azərbaycanın əsas tələbi sərhədlərimizdə buraxılış-nəzarət məntəqələrinin qurulması, üçtərəfli bəyanatın 4-cü maddəsinin yerinə yetirilməsilə bağlı olmalıdır. Yalnız bu prosesin icrası regionda təhlükəsizliyi, sülhü və sabitliyi gücləndirə bilər”.
İ.Hüseynov Azərbaycanın təxribatları cavabsız qoymayacağını bildirib:
“Qəribədir ki, Azərbaycanın bu mövzuda təşəbbüsünə müttəfiqlərindən cavab gəlmədi. Məhz nəzarət-buraxılış məntəqələri ilə bağlı Qərb və Rusiya vahid mövqedən çıxış etdi. Yalnız sülhməramlıların texniki təchizatının gücləndirilməsinə dair mövqe səsləndirilir ki, bu da tərəfimizdən qəbuledilməzdir.
Əgər bu təxribatlar davam edərsə, qarın əriməsi nəticəsində torpaq yol vasitəsilə bölgəyə silah-sursat daşınması sistematik xarakter alarsa, Azərbaycan adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Bu da antiterror əməliyyatlarına səbəb ola, bölgədəki eskalasiyaları gücləndirə bilər. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda gərginliyin artırılmasına xidmət edən, təxribatlara göz yuman qüvvələr bunu ciddi şəkildə nəzərə almalıdırlar. Azərbaycan milli maraqlarımıza, dövlətimizə qarşı addımların heç vaxt cavabsız qalmadığını yaxın zamanda da, əvvəllər də göstərib”.
Ayşən Mustafa
Globalinfo.az














