BMT-nin Monitorinq Missiyası adətən BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərir. TŞ-nin daimi üzvləri bununla bağlı mövqelərini təqdim etməlidirlər. Bu planda Qarabağa missiyanın göndərilməsi şübhə altına düşə bilər.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Qriqor Balasanyan deyib.
Onun sözlərinə görə, Rusiya artıq bununla bağlı mövqeyini bildirib və burada öz sülhməramlılarının dayandığını söyləyib:
“Üstəlik, biz Avropa Birliyinin müşahidə missiyasının necə işlədiyini gördük. Onların bölgədə qalma müddəti başa çatan kimi Ermənistandan getdilər”.
Bununla belə, Balasanyan BMT-nin missiyasının Qarabağa və ya Ermənistan sərhədinə göndərilməsinə Azərbaycanın da razılıq verməli olduğunu söyləyib:
“Məncə, bu məsələləri sürətlə həll etmək mümkün olmayacaq. Belə qərarlar 1-2 saata verilmir. Bu, çox uzun prosedurdur və yəqin ki, biz heç vaxt burada sülhməramlıları və BMT-nin Daimi Müşahidə Missiyasını görməyəcəyik”.
Qeyd edək ki, Ermənistan Laçın yolunda etirazlar başlamazdan öncə bölgəyə beynəlxalq missiyanın yerləşdirilməsinin təbliğatını aparırdı. BMT TŞ-nin son iclasından sonra İrəvanın buna ümidləri kəskin artıb. Buna baxmayaraq, Moskva sözügedən ideyaya qətiyyətlə qarşı çıxır.
Gülnar Səlimova
Globalinfo.az














