Qarabağ ermənilərinin Ermənistanı tərk etməsində təhlükəli plan – Rusiyada nələr yaşanır?

Qarabağdan İrəvana sığınan ermənilərin ölkəni kütləvi şəkildə tərk etdikləri deyilir. Bu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib.

Qarabağdan getmiş “siyasətçi” Akop Akopyan isə deyib ki, Ermənistanı tərk edənlərin sayı daha çoxdur. Onun sözlərinə görə, Qarabağ erməniləri əsasən Rusiyada məskunlaşır.

Qarabağdan köçmüş ermənilərin daha radikal və revanşist əhvalda olduğu məlumdur. Onlara Rusiyanın qucaq açması, bir müddət sonra orada təşkilatlanıb, yenidən Azərbaycana qarşı çağırışlar etmələrinə, Rusiyanın ayrı-ayrı şəhərlərində yaşayan azərbaycanlılarla toqquşmalara getmələrinə gətirib çıxara bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Vəli Əlibəyov deyib ki, səsləndirilən ehtimallar məntiqli görünür.

Onun fikrincə, Qarabağdan Ermənistana gedən ermənilərin Rusiyaya köçürülməsi məqsədyönlü şəkildə aparılır:

“Eyni zamanda gələcək üçün Qarabağda yenidən separatçılıq ocağının yandırılması nöqteyi-nəzərdən Azərbaycana qarşı həmin şəxslərdən istifadə oluna bilər. Əgər bu plan həqiqətən də varsa, bunun adrınca cəhdlər olunacaq ki, Ermənistana köçmüş Qarabağ erməniləri Azərbaycana qayıtmaq üçün müraciət etsinlər. Xüsusi öyrədilmiş bir qrup Azərbaycana gəlib, burada “dinc sakin” kimi yaşamağa başlayacaq. Gələcəkdə artıq onlar yeni bir separatçı hərəkatı formalaşdırmaq istəyəcəklər. Əgər bu, olmayacaqsa, onların Rusiyaya gedib, orada nələrsə etmələrinin heç bir təsiri, heç bir xeyri olmayacaq”.

Politoloq 90-cı illərlə bu günü müqayisə edib:

“1990-cı illərdən fərqli olaraq hazırda Qarabağda erməni yaşamır. Orada hansısa yeni separatçı ocağının yaradılması üçün mütləq ermənilərin yaşaması vacibdir. Rusiya da ona ümid edir ki, gələcəkdə ermənilər ora qayıdarsa, onlar da Rusiyada yaşayan Qarabağ ermənilərindən məhz revanşist qüvvələr yetişdirərək istifadə edə bilər. Bununla da erməniləri Azərbaycana qarşı təzyiq vasitəçisi kimi istifadə etməsi mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az