Son zamanlar ictimaiyyətdə narahatlıq doğuran məsələlərdən biri də estetik əməliyyat zamanı ölüm hallarının çoxalmasıdır. Təəssüf ki, bəzən lazım oldu-olmadı, əksər qadınlar bu əməliyyatlara girirlər. Elə çoxu da uğursuz olur. Nə baş verməlidir ki, qadın burun, üz, sinə, qarın və s.əzalarına cərrahi müdaxilə etdirsin? Bu, gözəlləşmək ehtirasıdır, cazibəli görünmək yarışıdır, yoxsa kütləvi psixozdur?
Bir sözlə, qadınları estetik əməliyyatlara həvəsləndirən, bunu kütləviləşdirən hansı gizli güc, təbliğat maşınıdır?
Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, buna başlıca səbəb günümüzün gözəllik standartlarıdır.
Psixoloqun fikrincə, hazırda elə bir standart formalaşıb ki, ona uyğunlaşmayan qadınlar özlərini əskik hiss edirlər:
“İnsanların bir-birini bəyənməsi, həyatında saxlaması artıq birbaşa görünüşün ideallığına, mükəmməlliyinə, şablonluğuna əsaslanmağa başlayıb. Normal və təbii görünüş qeyri-adi qarşılanmağa başlayıb. Hətta estetik əməliyyat etməyən insanlar kobud dildə desək, “yadplanetli” kimi görünürlər. Bu, sağlam bir yanaşma deyil”.
Nizami Orucov
Nizami Orucov bəzi əməliyyata üz tutanların həddindən çox prosedur etdiklərini vurğulayıb:
“İnsanlar insanlıqdan çıxacaq qədər prosedur elətdirir və bunu təbliğ edirlər. Edilən hər prosedur nəticəsində də daim tamamlanma istəyi, daha da mükəmməlləşmə istəyi və bunların nəticəsində də tətmin olmama kimi özü ilə zəncirvari istəkləri gətirir. Nəticədə bu, insanlarda maddi-mənəvi probləmlərə gətirib çıxarır”.
Zaira Akifqızı
Globalinfo.az














