Putinin iki gedişi: Seçkidə qalib olacaq, müharibədə məğlub?

Mariupol merinin müşaviri Pyotr Andryuşenko “Telegram”da məlumat verib ki, yanvarın 6-da Ukrayna Silahlı Qüvvələri Rusiya ilə Krımı birləşdirən dəmir yolunu bombalayıb. Buna cavab olaraq Rusiya da hücumları intensivləşdirməkdədir. Görünür hər iki cəbhədə hücumlar gərginləşir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın Ukraynaya raket zərbələrini intensivləşdirməsi yaxınlaşan prezident seçkiləri ilə əlaqədardır:

“Mart ayında keçiriləcək bu seçkilərə qədər Ukraynada müəyyən əraziləri işğal etmək, rəsmi Kiyevi zəiflətmək məqsədi güdülür. Rusiya geri çəkilmir, intensiv hücumlarını davam etdirərək Ukraynanın əks-hücumlarının qarşısı alınır. Rəsmi Kiyevə yeni silahların verilməsi, Krıma gedən dəmiryolunun vurulması, hərbi obyektlərin dağıdılması Rusiyanın “SU-34” təyyarələrinin zərərsizləşdirilməsi Ukraynanın əlində Rusiyaya böyük zərbələr vuracaq silahların olduğunu göstərir. Rusiya-Ukrayna münaqişəsi daha da dağıdıcı fazaya daxil olub. 2024-cü ildə də diplomatik masada hər hansı irəliləyiş olmayacaq. Tərəflər bir-birilərinə qarşı kəskin çıxışlar edirlər. “F-16”-ların və 500 km mənzilli raketlərin Ukraynaya verilməsi ilə müharibə Kiyevin lehinə olacaq. Bundan sonra Moskva danışıqlar masasına oturub, diplomatik həll yolları axtarmağa məcbur olacaq”.

Safura Bənnayeva
Globalinfo.az