Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Azərbaycanda Rusiyaya bağlı “Beşinci kolon”un fəallaşacağı ehtimaları artıb.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri diqqətəlayiq hadisədir:
“Cənubi Qafqazdakı siyasi vəziyyət və nüfuz mübarizəsi fonunda bu səfərin əhəmiyyəti özünü daha qabarıq formada göstərir. Ümumilikdə isə bu səfərin həm rəsmi Bakının, həm də Moskvanın maraqlarına uyğun olduğunu demək olar.
O ki qaldı Putinin səfərindən sonra ölkədəki “Beşinci kolon”un fəallaşacağına, bu, real deyil. Ümumiyyətlə, bu kimi iddialar şişirdilmiş, pafoslu yanaşmalardır. Belə ki, Azərbaycanda Rusiyaya bağlı şəxslər onsuz da var. Bu şəxslər ictimai mühitdə özünü göstərir. Bu məsələ birdən-birə yaranmayıb. Bizim “Beşinci kolon” dediyimiz şəxslər əslində 200 ildir Rusiyanın regiondakı varlığı əsasında formalaşan köklü bir qrupdur.
Azərbaycan müstəqil dövlətdir və müstəqil qərarları var. Yəni ölkəmizə kimin gəlməyindən asılı olmayaraq, bu, hansısa dövlətlə münasibətlərimizə təsir etməz”.
Turan Rzayev
Globalinfo.az