Ukraynanın başlatdığı əks-hücum əməliyyatları fonunda Rusiya ordusuna ciddi zərbələr vurulur. İtkilərin miqyası Rusiyada hakimiyyət daxilində narazılığı artırıb. Aydın məsələdir ki, bu gün Kreml daxilində müharibə əleyhdarı bir qrup formalaşıb və onlar faktiki olaraq Prezident Vladimir Putinlə əks mövqedə dayanırlar.
Bəzi ekspertlər iddia edirlər ki, narazılıqlar Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Rusiya hakimiyyəti daxilində fikir ayrılıqları, hətta narazılıqlar Ukrayna müharibəsi başlanan ilk gündən mövcuddur:
“Ukrayna müharibəsinin uzanması, itkilərin artması Kreml daxilində Putin tərəfdarlarının bir qisminin ona qarşı cəbhə açmasına gətirib çıxarıb. Lakin əleyhdar qrupların heç biri bu günə qədər onu hakimiyyətdən göndərə bilməyib. Ümumiyyətlə, bu istiqamətdə ciddi bir fəaliyyət də yoxdur. Bunun ən böyük səbəbi onların xaricdən dəstək ala bilməməsidir.
Diqqətçəkən əsas məqam isə Çin və Qərb faktorudur. ABŞ və Qərb bir blok yaratsa da, Çin faktoru unudulur. Rəsmi Pekin Kremlə çox yaxındır və Sibirdə maraqları var. Rusiyada ehtimal hakimiyyət dəyişikliyi baş versə, bu, Pekinin dərhal hərəkətə keçməsi və öz maraqlarını qorumaq üçün hakimiyyətə gələcək qrupa dəstək verməsi ilə nəticələnə bilər.
Qərb indiki məqamda Putinin hakimiyyətdən getməsini istəmir, çünki belə bir addım Rusiya daxilində narazılğı artıracaq, hakimiyyət uğrunda mübarizə başlayacaq. Bu zaman isə Çin daha cəld tərpənib, prosesləri öz xeyrinə dəyişə bilər”.
Turan Rzayev
Globalinfo.az














