Putin “son kart”ını oynadı: yaxın vaxtlarda onu vəzifədən azad edəcək

Putin "son kart"ını oynadı: yaxın vaxtlarda onu vəzifədən azad edəcək

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsinin müsbət nəticə verəcəyini düşünmürəm”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov deyib.

Ekspert bildirib ki, bundan əvvəl Rusiyanın Ukraynadakı qoşunlarına “Cənab Armegeddon” ləqəbli general-leytenant Sergey Sorovikin rəhbərlik edib və o, bu vəzifədə cəmi üç ay qalıb:

“Son təyinat Sorovikinin ümidləri doğrultmadığını göstərir. Hərçənd ki, üç ay əvvəl onun peşəkarlığı və qəddarlığı xüsusilə qeyd olunurdu. Görünür, Kreml rəhbəri “Cənab Armegeddon”dan razı qalmadı.

Digər tərəfdən, Baş Qərargah rəisinin bu vəzifəyə təyin olunması diqqət çəkir. Bu, onu deməyə əsas verir ki, Putinin hərbi elitaya inamı azalıb. O, generallarına kifayət qədər etibar etmir. Ona görə də müharibənin idarə olunmasını birbaşa Baş Qərargah rəisinə tapşırıb.

Amma bunun əksi də mümkündür. Yəni ola bilsin, Putin Gerasimovun Baş Qərargah rəisi kimi fəaliyyətindən narazıdır. Kreml rəhbərinin yaxın vaxtlarda onu Baş Qərargah rəisi vəzifəsindən azad edəcəyi istisna deyil”.

K.Novruzovun fikrincə, Rusiya hərbi elitasında fikir ayrılığının, ikitirəliyin olması mümkündür:

“Müdafiə naziri Sergey Şoyqu ilə hazırkı Baş Qərargah rəisi arasında ixtilaf yaranması real məsələdir. Çox güman, Rusiyanın döyüş meydanındakı uğursuzluğunun əsas səbəblərindən biri də budur.

Yaxın gələcəkdə Rusiya hərbi elitasında yeni islahatların, kadr dəyişikliklərinin olacağı mümkündür. Amma bunların da hansısa nəticə verəcəyi ağlabatan deyil. Əksinə, hərbi elitadakı çəkişmələr, yəqin ki, getdikcə dərinləşəcək. Bu isə öz növbəsində siyasi müstəviyə siraət edə və ağır nəticələrə səbəb ola bilər”.

Gülnar Səlimova
Globalinfo.az