
İran-İsrail münaqişəsi fonunda ABŞ-ın Rusiya ilə danışıqlara fasilə vermək istədiyinə dair məlumatlar müzakirələrə səbəb olub. Paralel olaraq Ukraynadakı müharibəyə görə Moskvaya təzyiq üçün yaradılmış işçi qrupunun fəaliyyəti dayandırılıb. Ümumiyyətlə, son zamanlar Ağ Evdən Ukrayna ilə bağlı əvvəlki qədər nikbin mesajlar eşidilmir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir, bu da Avropa İttifaqı və Britaniyanın maraqlarına zərbə vurur:
“Digər tərəfdən ABŞ Ukraynanı faydalı qazıntılarla bağlı sazişi imzalamağa məcbur etməklə artıq öz maraqlarını təmin edib. Eyni zamanda Kiyevi ərazi güzəştlərinə məcbur etməklə və Rusiya işğalının Ukrayna tərəfindən de-fakto tanınması ilə atəşkəsə nail olmağa çalışırdı. Amma Avropa İttifaqı və Britaniyanın təzyiqi ilə Zelenski buna getmədi.

Əli Zülfüqaroğlu
Rusiyanın maksimalist tələblər irəli sürməsi məsələnin daha mürəkkəb xarakter almasına zəmin yaradır. Kreml Ukraynanın bir sıra ərazilərinin Rusiyanın tərkib hissəsi kimi tanınması, Avropa İttifaqından Kiyevə silah yardımının dərhal kəsilməsi və daha sonra Ukraynada seçkilərin keçirilməsi ilə kimi aşağılayıcı tələblərlə Trampı çətin duruma saldı. Bununla da ilk növbədə Avropa İttifaqı istəyinə çatdı”.
Ekspert bildirib ki, nəticə olaraq Rusiya hücumlarını daha da gücləndirir və Kiyevə zərbələr endirir:
“Burada isə Trampın “mən olmasaydım, Rusiya Ukraynanın tamamını işğal edərdi” ifadəsi diqqət çəkir. Yəni Rusiya Kiyevə şiddətli hücum etməklə Trampın arqumentlərini gücləndirir. Bu da təbii ki, Ukraynanın ərazi güzəştləri şərti ilə razılaşmağa məcbur olması baxımından həm də Trampa sərf edir. Yəni ABŞ üçün Ukraynanın ərazi bütövlüyü, yaxud ədalətli sülh heç bir əhəmiyyət daşımır. Əsas amil ABŞ-ın maraqlarıdır və bu da artıq təmin olunub”.
Turan Rzayev
Globalinfo.az