“Futbolçularımı təbrik edirəm. Hava şəraitinə görə onlara oynamaq asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqə ərzində çox diqqətli oldular”.
Globalinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün “Linkoln”la keçirilən səfər oyunundan sonra mətbuat konfransında deyib.
O, Cəbəllütariq klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: “Rəqib komanda çox təcrübəli oyunçulardan qurulub. Hər birinin son nöqtəni qoymaq bacarığı var. Rəqib təxminən biz düşündüyümüz kimi oynadı. 23-24 günlük səfərdən sonra komandamda psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini sona qədər düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.














