Bu günlər türk dünyasının mədəniyyət paytaxtı Şuşa daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Burada “4-cü Sənaye inqilabı dövründə Yeni Media” adlı Qlobal Media Forumu keçirilir. Forumun işində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak və çıxış edib. Onun çıxışı bir sıra vacib mesajlarla yadda qalıb. Prezident postkonflikt dövründə işğaldan azad olunmuş ərazilərdə görülən bərpa, sosial-iqtisadi və mədəni xarakterli işlər haqqında Forum iştirakçılarına məlumat verib, yaxın gələcəkdə görüləcək işləri şərh edib.
Globalinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O bildirib ki, Prezident İlham Əliyev Ermənistanla aparılan sülh danışıqlarının gedişatına toxunaraq, rəsmi İrəvanın ikibaşlı oyunlarına münasibət bildirib: “Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq, erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik”.
Eyni zamanda, sülh müqaviləsinin imzalanmasının vacib olduğuna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, şifahi olaraq deyil, müvafiq bir sənəd şəklində altına imzasını qoymalıdır. Həmçinin İrəvanın Qarabağın erməni əhalisinin təhlükəsizliyi, onların hüquq və azadlıqlarının təmin edilməsi tələblərinə münasibət bildirərkən İlham Əliyev deyib ki, Azərbaycan Konstitusiyasında nəzərdə tutulan bütün hüquq və azadlıqlar ermənilərə də şamil olunacaq. Onlar üçün xüsusi olaraq hər hansı bir statusun müəyyənləşdirilməsi isə nə hüquqa, nə də məntiqə uyğun deyil. Belə olan halda bizim də İrəvan, Zəngəzur, Göyçə azərbaycanlıları üçün eyni şeyləri tələb etmək haqqımız var.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev ermənilərin otuz il ərzində Qarabağın maddi-mədəni irsinə qarşı törətdiyi vandalizm, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan şəhərlərinə və dinc əhaliyə qarşı törətdikləri terror hərəkətləri, Ermənistanın ayrı-ayrı siyasi dairələrində hökm sürən revanşist çağırışlar və onun səbəb olacağı ağır nəticələr barədə də Forum iştirakçılarına geniş məlumat verib.
“Bütövlükdə Azərbaycan liderinin Forumdakı çıxışı həm Ermənistan rəhbərliyinə, həm də bütün dünyaya ünvanlanan, ölkəmizin ədalətli, haqq, beynəlxalq hüquqa və sazişlərə tam cavab verən mövqeyini aydın şəkildə bir daha ortaya qoyan mühüm beynəlxalq sənəd hesab edilə bilər. Ümid edək ki, bu Forumda iştirak edən və Prezidenti dinləyən beynəlxalq media nümayəndələri də həmin çıxışdan indiyə qədər onlara qaranlıq olan müəyyən suallara cavab ala biliblər və həmin cavablar onların bundan sonrakı fəaliyyətində əksini tapacaq”, – deyə F.Şahbazlı diqqətə çatdırıb.














