Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Globalinfo.az xəbər verir ki, qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Qanuna əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Qanunda, həmçinin xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.
X X X
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişiklik edilib.
Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.
Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir.
Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari İşlərinin görülməsi və qərarlarının icrasına nəzarətin heyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan “Katiblik” tərəfindən təmin edilir.
Katiblik aşağıdakı vəzifələri həyata keçirir:
1) yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;
2) komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;
3) uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın Azərbaycan nəticəsi barədə Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;
4) uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;
5) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı İctimaiyyəti məlumatlandırır.
Təklif edilən dəyişikliklərə görə, komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.
Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri İşlər barəsində hesabat verirlər.
Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər.
Katiblik hesabatları ümumiləşdirərək müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.














