Pezeşkian Azərbaycan üçün fars tələsidir? – İranın yeni planı haqda inanılmaz iddia

Pezeşkian Azərbaycan üçün fars tələsidir? – İranın yeni planı haqda inanılmaz iddia

İranda prezidentliyə namizəd olan Məsud Pezişkianla bağlı ictimaiyyətdə müxtəlif şayiələr yayılır. Onu İran rejiminin ortaya atdığı haqda iddialar səsləndirilir. Hətta bildirilir ki, M.Pezeşkian Azərbaycan üçün bir fars tələsidir.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Pezeşkianla bağlı təqdimat, türk sevgisi, türk olması, İranın etnik seçicilərindən istifadə etməsi faktoru qabardılır. O, bunun hansı maraqdan irəli gəldiyini açıqlayıb:

“Açığı, biz İrandan danışırıqsa, orada Ali dini rəhbərin iradəsindən fərqli mövqenin olması imkansızdır. Bu, təkcə dini hakimiyyətdən irəli gəlmir, həm də hərbi hakimiyyət olan SEPAH və məhkəmə, eləcə də dövlətin digər elitaları hamısı şovinistlərin əlindədir. Burada türk faktorunun qabardılması məsələsinə gəldikdə görərik ki, fars mənşəlilərin, pəhləvi ruhlu dindarların böyük əksəriyyətinin siyasi baxışları ərəb dünyası üzərində İran təsirinin artmasına yönəlib. Məncə, buna da kifayət qədər nail oldular – İraqda, Suriyada, Livanda və Yəməndə bunu edə bildilər. Amma ərəb kartından kənarda yarımçıq qalan, İranın nüfuz edə bilmədiyi Azərbaycan və Türkiyə kimi nöqtələr mövcuddur. Onlar Azərbaycan və Türkiyə üzərindən harada iki ölkəyə bağlı müsəlman kəsim varsa, öncə orada fəaliyyətlərini gücləndirirdilər. Məsələn, Rusiyada, Borçalıda türklər yaşayan bölgə, o cümlədən Türkiyənin etnik gücünün olduğu Balkan Yarımadasında”.

Pezeşkian Azərbaycan üçün fars tələsidir? – İranın yeni planı haqda inanılmaz iddia

Əziz Əlibəyli

Ə.Əlibəyli deyib ki, Azərbaycan və İran arasında yaranan son ziddiyyətlərdən dolayı azərbaycanlıların etnik kimliyi və milli hissləri önəmli rol oynadı:

“Sanki İranda Pezeşkian kartı bunun üzərinə ssenariləşdirilmiş bir formuldur. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycan sözün əsl mənasında daha ciddi zərbə ala bilər. Çünki o, türk kartından istifadə etməyə başlayacaq. Pezişkianın arqumentləri, milli hisslərin oyanması, müdafiəsi, güclənməsi istiqamətində görülmüş kimi çıxacaq. Amma nöqtə nədir? Əslində, İran azərbaycanlısı olması faktı önə çıxır və burada Güney Azərbaycan əsas hesab olunur”.

Zaira Akifqızı
Globalinfo.az