Pezeşkianı ABŞ dərin dövləti ilə nə birləşdirir? – Tehran Vaşinqtonda yazılmış ssenarini “ələ keçirib”

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir. Bu barədə Seçki Qərargahının sözçüsü Möhsün İslami bildirib.

Məsud Pezeşkianın hazırda irəlidə olması maraqlı bir versiyanı aktuallaşdırıb. Bəzi ekspertlər iddia edir ki, Məsud Pezeşkian Güney azərbaycanlıdır və onun seçilməsi ilə rejim Güney Azərbaycanın müstəqillik arzusunu yatırtmaq, həmçinin dünyaya bu ölkədə heç bir etnik azlığa ikili standart tətbiq edilmədiyini göstərməyə çalışır. Ekspertlər bunu ABŞ-da ilk qaradərili və müsəlman əsilli Barak Hüseyn Obamanın prezident seçilməsi ilə müqayisə edir. O vaxt deyilirdi ki, ABŞ-ı idarə edən dərin güclər bu ssenarini bilərəkdən tətbiq etdilər və bununla da Birləşmiş Ştatların üzərindən irqi ayrı-seçkilik ittihamını atmağa çalışdılar.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İranda prezident vəzifəsini icra edən şəxsin səlahiyyətləri o qədər də çox deyil:

“İran teokratik bir respublikadır. Yəni bu ölkədə hakim elita ruhanilərdən ibarətdir. Dövlətin ideologiyası da məhz islam inqilabıdır. Dövlətin de-fakto sahibi İranın Ali dini lideri olan şəxsdir. Prezident daha çox hökumət başçısı kimidir.
Prezident seçkisində iştirak edən namizədləri Ali dini lider və onun bir pillə altında olan dini şura təyin edir. Seçkinin nəticəsindən asılı olmayaraq prezidentin kim olacağını da yenə Ali dini lider seçir. Yəni vəziyyət belə ikən Güney azərbaycanlı bir şəxsin prezident olması çətin ki, nəyisə dəyişsin”.


Qabil Hüseynli

Politoloq deyib ki, bu gün İranda hakim elita daxilində kifayət qədər azərbaycanlı var:

“Bununla belə, onlar Güney Azərbaycan üçün demək olar, heç nə etmir. İranda etnik mənsubiyyət yox, dini inanc daha ön plandadır. Təəssüf ki, Güney Azərbaycanda vahid bir ideologiya, fikir yoxdur. Hakim elita daxilində olan güney azərbaycanlılar isə inqilaba sadiqdir. Hesab edirəm, Məsud Pezeşkian da bu zümrədəndir və çətin ki, o da fərqli hərəkət etsin.

O ki qaldı onun ABŞ-da Barak Obama ilə müqayisəsinə, bu maraqlı yanaşmadır və həqiqət payı var. Yəni Güney azərbaycanlı bir şəxsin prezident seçilməsi ilə İran ictimaiyyətinin gözündən pərdə asır”.

Turan Rzayev
Globalinfo.az