Paşinyanın partiyası Bakını müharibə ilə təhdid etdi – Sərsəm bəyanat

Azərbaycan ekoloqlarının Şuşadakı etiraz aksiyasından sonra Ermənistanda təşviş yaranıb.

Globalinfo.az xəbər verir ki, etirazlar xüsusilə hakim Mülki Müqavilə Partiyasında narahatlığı artırıb. Bu gün çıxış edən Ermənistan parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının rəhbəri Andranik Köçəryan Qarabağdakı gərginliyin Ermənistana keçəcəyindən qorxduğunu bildirib.

Köçəryan həmçinin Rusiya sülhməramlılarına da söz ataraq, onlardan azərbaycanlılara qarşı tədbir görmələrini tələb edib. Bununla hakim partiya nümayəndəsi baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atıb.

Köçəryan Bakını müharibə ilə təhdid etməkdən də çəkinməyib:

“Əgər belə provokasiyalar və gərginliklər Laçın dəhlizinin bağlanmasına qədər artsa, biz həmvətənlərimizi müdafiəsiz qoymayacağıq. Yekunda Azərbaycan 90-cı illərdən dərs çıxarmalıdır”.

Qeyd edək ki, proseslərlə bağlı dərs çıxarmalı tərəf varsa, o da 44 günlük müharibə zamanı başına endirilmiş “dəmir yumruq” zərbəsindən hələ də ayılmayan Ermənistandır. Görünür, qarşı tərəf Vətən müharibəsi və sonrakı dövrdə Ordumuzun keçirdiyi sarsıdıcı əməliyyatları unutmaq üzrədir.

Gülnar
Globalinfo.az