Paşinyanı Rusiyaya aparan şok səbəb: “Putinlə sövdələşməyə gedir”

Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqının sammitlərində iştirak edəcək. Uzun zamandır Rusiya ilə gərginlik yaşayan baş nazirin birdən-birə Rusiyaya getmək qərarı diqqət çəkir.

Maraqlıdır, onu bu qərarı verməyə vadar edən səbəb nədir? Paşinyan Putindən nəyi xahiş edəcək? Rusiya-Ermənistan münasibətləri normallaşacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Qərblə istiləşən, Rusiya ilə soyuqlaşan münasibətlərə baxmayaraq, Paşinyanın Sankt-Peterburqa yollanmaq qərarında təəccüb yaradacaq nə isə yoxdur:

Aqşin Kərimov

“Paşinyan bir neçə gün öncə belə bir bəyanat səsləndirib ki, Ermənistan Rusiya ilə dostluq münasibətlərini nəzərə alaraq qarşı tərəfi məsləhətləşmələrə dəvət edib. “Ümid edirəm ki, bu məsləhətləşmələr problemi normal, işgüzar, dostluq şəraitində həll etmək üçün mümkün qədər tez baş tutacaq”, – deyən Paşinyan böyük bir şövqlə Moskvanın şərtlərini dinləmək bacarığında olduğunu göstərir.

Paşinyan dəqiqləşdirməlidir ki, Ermənistanın Rusiya ilə gərginləşən münasibətlərindən dolayı Moskva təzyiqlərini hansı kateqoriyalara böləcək. Belə bir dəqiqləşmə Paşinyanın Putinlə keçirəcəyi görüşdə aydınlaşacaq və baş nazir Rusiya lideri ilə sövdələşməyə can atacaq.

Paşinyan Cənubi Qafqazda qurulan və beynəlxalq münasibətlərin güc balansına təsir edəcək hadisələrin Ermənistana neqativ təsirlərindən sığortalanmaq yollarını axtarır. Baş nazir bunun üçün Qərbin regionda aktivliyini artıran hərəkətləri ilə Rusiya ilə münasibətləri tarazlaşdırmaq istəyir.

Ehtimal etmək olar ki, MDB-nin sammitində Azərbaycan rəhbərliyi də iştirak etsin. Belə olacağı təqdirdə, iki tərəfin qeyri-rəsmi də olsa, diskussiyası baş tuta bilər”.

Turan Rzayev
Globalinfo.az