Paşinyanı hakimiyyətdə saxlayan güc – Çevriliş planları buna görə baş tutmadı

Paşinyanı hakimiyyətdə saxlayan güc - Çevriliş planları buna görə baş tutmadı

“30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hökumətində 2018-ci ildə çevriliş baş verdi. Uçuruma sürüklənən erməni xalqı Paşinyanın hakimiyyətə gəlməsi ilə onları gələcəkdə təsəvvür etmədikləri bir yolun gözlədiyinin fərqində deyildilər. 2020-ci ildə məhz Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdə Azərbaycan güc yolu ilə öz ərazilərini işğaldan azad etdi. Təbii ki, bu proses Ermənistanda müsbət qarşılanmadı”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdən getməsi haqda iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, kütləvi etirazlar, həbslər və çevriliş cəhdlərinə rəğmən, Nikol Paşinyan 2021-ci ildə keçirilən seçkilərdə qalib gəldi:

“Ardınca, Qarabağda olan separatçı ünsürlərin bu ərazilərdən çıxarılması ilə Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa edildi. Yenidən başlayan etiraz dalğasına baxmayaraq, sakinlərin bir qismi yenə də Paşinyanı dəstəklədi.

İrəvan meriyasına keçirilən seçkilərdə Mülki Müqavilə partiyası üstünlüyü qazanmağı bacardı. 2024-cü ildə yeni hərbi-siyasi çevriliş planı hazırlandı. Hətta planın təşkilatçıları içərisində Qərbdə müəyyən güclərin yer aldığı da bildirildi. Həmin plan da fiaskoya uğradı”.

Paşinyanı hakimiyyətdə saxlayan güc - Çevriliş planları buna görə baş tutmadı

Züriyə Qarayeva

Z.Qarayeva deyib ki, qarşıdan növbədənkənar parlament seçkilərinin gəldiyi gözlənilir:

“Paşinyan sosial dayaqlarının və Qərbin təsir imkanlarının gücünə arxalanaraq yenə də gərginliyin pik həddə olduğu vaxtda özünəarxayın şəkildə seçkilərə getmək niyyətindədir. Konstitusiya dəyişikliyini Bakının qətiyyətlə tələb etdiyi vaxtda Paşinyanın heç bir çıxış yolu olmadığı halda seçki vəd etməsi nəticələrinə indidən bəlli olduğunun göstəricisidir”.

Turan Rzayev
Globalinfo.az