Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının iclası çərçivəsində verdiyi açıqlamalar müzakirələrə səbəb olub.
Baş nazir Moskvada jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanla sülh müqaviləsini oktyabr ayı bitənə kimi imzalamağa hazır olduğunu deyib. Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasının Ermənistan Konstitusiyasına uyğun olduğunu bildirib.
Noyabra kimi sülh sazişinin imzalanması mümkündürmü?
Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Ermənistanın baş nazirinin Moskvada verdiyi bəyanatlar ciddi fikir kimi qəbul edilməməlidir:
“Nikol Paşinyan hələ ölkəsinin üzərinə götürdüyü öhdəlikləri icra etməyib. Buna rəğmən Azərbaycanla bağlı manipulyativ bəyanatlar verir. Ermənistan ilk növbədə dövlət olaraq məsuliyyət və öhdəliklərini yerinə yetirməlidir. Əks təqdirdə hansısa sülhdən danışmaq doğru deyil.

Tural İsmayılov
Paşinyan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, reallıq fərqlidir. Qarabağdan Ermənistana köçən separatçılar siyasi fəaliyyətlə məşğul olurlar. İrəvan aktiv şəkildə silahlanır, buradakı revanşist qüvvələr getdikcə güclənir. Mövcud situasiyada sülhdən danışmaq sadəcə gülüncdür”.
Politoloq bildirib ki, sülh dayanıqlı və əbədi olmalıdır, Ermənistan isə bu istiqamətdə ciddi heç nə etmir:
“Yəni biz sülh istəyirik demək kifayət deyil. Bunun üçün Bakının tələbləri yerinə yetirilməlidir. Nikol Paşinyan Moskvada həmişə belə hiyləgər fikirlər səsləndirir. O, özünü Rusiyaya yaxşı göstərməyə çalışır. Amma reallıqda Qərbə inteqrasiya edən manipulyasiya cəhdindən əl çəkməyən bir Paşinyan var”.
Turan Rzayev
Globalinfo.az














