Ötən gün “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi baş tutdu. Etiraf etmək lazımdır ki, baxımlı və maraqlı mərasim oldu. Xüsusilə Sena çayında təşkil olunan tədbirdə minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması göz oxşayırdı.
Azərbaycan komandası da bu paradda iştirak etdi. 16-cı sırada yer alan komandamızın bayraqdarı cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev idi. 48 idmançı ilə təmsil olunan komandamızın olimpiada da uğur qazanacağına inamımız tamdır.
Ümumiyyətlə idman elə sahədir ki, siyasətdən, düşmənçilikdən uzaq olmalı, sülh, əmin-amanlıq ehtiva etməlidir. Amma bəzi ölkələr birlik, bərabərliyi simvolizə edən Yay Olimpiya Oyunlarını siyasi propaqanda vasitəsinə çevirir. Eynilə ötən gün rəsmi açılış mərasimində Fransanın etdiyi kimi.
Belə ki, Olimpiya oyunlarının açılışını göstərən Fransanın “Fr2” telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı təxribatçı ifadələr səsləndirilib. Canlı yayımda Fr2 kanalının aparıcısı Ermənistan oyunçuları keçəndə bunları deyib: “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə. Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu”. Azərbaycan komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib. Fransa telekanalı bununla faktiki olaraq idmana siyasət qataraq qərəz nümayiş etdirib.
“Paris-2024”: Azərbaycan millisinin paradı
Birincisi “Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu” ifadəsinin işlədilməsi açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, habelə, beynəlxalq hüququn pozulmasıdır. Çünki qeyd olunan ərazi 30 ilə yaxın idi ki, işğal altında idi. Fransa başda olmaqla BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qəbul etdiyi 4 qətnamə ilə bu işğal faktı təsdiqlənib. Onu da deyim ki, Fransa özü də Azərbaycan ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləyib.
İkincisi, Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etmək açıq qərəzdir. Azərbaycanla Ermənistan arasında ərazi məsələsi böyük ölçüdə həll edilib. Yəni münaqişənin müharibə etapı bitib. Azərbaycan heç vaxt hərbi əməliyyatları Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə keçirməyib. Buna görə də bu istiqamətdə nə isə demək doğru deyil.
Son olaraq eyni məntiqlə, Fransa komandası keçəndə aparıcı müstəmləkəçilik, kolonializm mövzusuna toxunmalı, keçmişlərini yad etməli idi. Olimpiya prinsiplərinin kobudcasına pozulmasına görə Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə müraciət etməli, rəsmi Bakı diplomatik yollarla rəsmi Parisə etiraz bildirməlidir.
Turan Rzayev
Globalinfo.az














