Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda uduzub.
Globalinfo.az xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) məğlub olub – 3:6.
Ə.Abuzərov məğlubiyyətə rəğmən təsəlliverici görüşə çıxacaq. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 8-də yekun vurulacaq.
X X X
Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatıcımız Aybəniz Babayeva çıxış edib.
Globalinfo.az xəbər verir ki, P2 kateqoriyasında yarışan idmançımız 10 metr məsafəyə atəşaçmada 542 xal toplayıb və 14-cü yeri tutub.
Təmsilçimiz finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
***14:52
Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparan paraüzgüçümüz Könül Süleymanova S2 kateqoriyası üzrə 50 metr məsafəyə arxası üstə üzməkdə mübarizə aparıb.
Globalinfo.az xəbər verir ki, K.Süleymanova Fransa paytaxtında ikinci cəhdində 1:52,64 dəqiqəlik göstərici ilə qrupda 5-ci, yekun siyahıda 11-ci olub. Bununla da Süleymanova paralimpiadada çıxışını başa vurub.
O, eyni kateqoriya və üsulla 100 m məsafəyə üzməkdə öz qrupunda 5-ci olub.
Qeyd edək ki, bu növdə final mərhələsi 21:50-də başlayacaq.
***11:46
Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb.
Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib.
Final mərhələsi Bakı vaxtı ilə 19:30-da başlayacaq.
***10:42
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.
Globalinfo.az xəbər verir ki, paraüzgüçü Raman Saley S12 kateqoriyasıda 100 metr məsafəyə arxasıüstə üzməkdə medal qazanmağa çalışacaq.
Bu kateqoriyanın təsnifat mərhələsinə 11:30-da, finala isə 19:30-da start veriləcək.
Digər paraüzgüçü Könül Süleymanova S2 kateqoriyasında 50 metr məsafəyə arxasıüstə üzəcək. Bu yarışın təsnifat mərhələsi 13:09-da, finalı isə 21:50-də olacaq.
Parataekvondoçu Əbülfəz Abuzərli (80 kq) K44 kateqoriyasında gücünü göstərəcək. Yarışın təsnifat mərhələsi 12:00-16:30, finalı isə 19:00-23:30-da başlayacaq.
Paraatıcı Aybəniz Babayeva P2 kateqoriyasında 10 metr məsafəyə atəşaçma üzrə mübarizəyə başlayacaq. Bu yarışın təsnifat mərhələsinə 14:00-da, finalına isə 16:45-də start veriləcək.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.














