İki kənd və meşə belə nəzarətə götürüldü – Rəsmi / Video

İki kənd və meşə belə nəzarətə götürüldü - Rəsmi / Video

11:17

Ermənistan Hərbi Prokurluğu Azərbaycan hərbçilərinin 11 dekabr 2020-ci il saat 20:30 radələrində Xocavənd rayonu Köhnə Tağlar kəndi yaxınlığında erməni terrorçularına qarşı keçirdiyi antiterror əməliyyatı barədə detalları paylaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, sözügedən əməliyyatla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

Qeyd olunur ki, əməliyyat təxminən 40 dəqiqə çəkib və separatçı-terrorçulara rəhbərlik edən mayor V.K., eləcə də polkovnik-leytenant C.M.-nın səriştəsizliyi səbəbindən “mövqelər itirilib”.

“Adıçəkilən zabitlər geri çəkilən zaman mühüm sənədləri, döyüş mövqelərinin xəritələrini çıxarmaq üçün heç bir tədbir görməyib. Nəticədə bunlar Azərbaycan hərbçilərinin əlinə keçib”, – “Hraparak” yazıb.

Ermənilərin iddiasına görə, guya həmin sənəd və xəritə Azərbaycana digər erməni postlarını mühasirəyə almaq üçün zəmin yaradıb.

Qeyd edək ki, 2020-ci ilin 11 dekabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülüb. Əməliyyat zamanı ərazilərimizdə qanunsuz yerləşmiş erməni terrorçuları həbs edilib, onlara cinayət işi açılıb.

Zaira Akifqızı
Globalinfo.az