Sirr deyil ki, Azərbaycan iqtisadiyyatının ən ağrılı yeri olan monopoliya hələ də aradan qaldırılmayıb. Xüsusən Naxçıvan nümunəsində bunun nə demək olduğu açıq şəkildə göründü. Böyük iqtisadi sahələri qoyaq kənara, hətta kənd təsərrüfatındakı monopoliya da sadə vətəndaşların normal həyat yaşamasına mane olan başlıca amildir. Regionlarda insanlar meyvə-tərəvəz yetişdirir, lakin onu bazara çıxarmaq məsələsində min cür problemlə qarşılaşırlar. Monopolistlər xüsusən Bakıya “kənar oyunçuları” buraxmır, nəticədə məhsul tələf olur, vətəndaş isə ziyana düşür. Bu da ölkədə kənd təsərrüfatının getdikcə zəifləməsinə səbəb olur.
Təəssüf ki, hazırda bazar monopolistlərin əlindədir. Onlar qiyməti diktə edirlər, nəticədə isə sadə vətəndaşlar əziyyət çəkirlər.
Bəs mövcud vəziyyətin qarşısını hansı yollarla almaq mümkündür?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Vahid Əhmədov deyib ki, mütləq şəkildə “Rəqabət Məcəlləsi” qəbul edilməlidir.
Onun sözlərinə görə, bu məcəllənin qəbul edilməsi üçün on ildən artıqdır müzakirələr gedir:
“Ötən il hökumətin iclasında baş nazirdən “Rəqabət Məcəlləsi”nin qəbul edilməsini xahiş etdim. Düzdür, İqtisadiyyat Nazirliyi layihəni hazır edib hökumətə verdi, amma həmin məcəllə hələ də bizə gəlib çatmayıb. Deyilənə görə, bu sessiyada bizə təqdim olunacaq”.
Millət vəkilinin sözlərinə görə, “Rəqabət Məcəlləsi”nin qəbul edilməsində əsas məqsəd bazarlarda inhisarçılığı, monopoliyanı azaltmaqdır:
“Demirəm ki, birdən-birə hər şey düzələcək, amma bu, monopoliyanın qarşısını heç olmasa, 40-50 faiz ala biləcək bir sənəd olacaq. Məcəllə qəbul olunmasa, əlbəttə ki, monopoliyanın qarşısını almaq mümkünsüzləşəcək”.
İqtisadçı Rövşən Ağayev də bazarın monopoliyada olduğunu qeyd edib:
“Deyirlər, guya vətəndaş öz məhsulunu bazara çıxara bilmir. Bakıda ən böyük bazarlar “Meyvəli” və “Vasmoy” kimi tanınan 8-ci kilometr bazarlarıdır. Bu işin içində olan bir adam kimi əminliklə deyirəm, bazarların qapısı hər kəsə açıqdır. Orada problem ondan ibarətdir ki, bazara giriş xərcləri yüksəkdir. Bəli, bazarlar kiminsə monopoliyasındadır. Bazarlara daxil olan zaman xərclər yüksək ola bilər”.
İqtisadçı bildirib ki, məhsulu bazara çıxarmaq fermerin işi deyil:
“Normal logistik, vasitəçilər olmalıdır ki, fermer öz sahəsindən çıxmadan məhsulunu sata bilsin. Logistika problemləri var. Son satıcının məhsulu satdığı qiymət kəndlinin satdığı qiymətlə müqayisədə həddindən artıq yüksəkdir. Dünyada bu, 2-3 dəfə baha olur, bizdə 4-5 dəfəyə qədər yüksələ bilir”.
İqtisadçı fermerlərlə bağlı maraqlı təklif irəli sürüb:
“Yaxşı olardı ki, əmtəə birjaları inkişaf etsin. Regionlarda olan fermerlər də onlayn qaydada öz məhsulunun qiymətini təqdim etsin və insanlar Bakıya gəlmədən o məhsulu ala bilsinlər. Bu mexanizm inkişaf etsə, həm monopolist topdansatıcıların mövqeyinə zərbə vurulmuş olar, həm də bazarlarda rəqabət yaranar”.
Zaira Akifqızı
Globalinfo.az














