Ölkədə böyük dəyişikliklər olacaq – ANONS VERİLDİ!

Son günlər istər Azərbaycan ordusunda, istərsə də müəyyən dövlət qurumlarında baş verən kadr dəyişiklikləri ciddi maraq doğurub. Xüsusən seçki ərəfəsində belə dəyişikliklərin olması düşündürücü məqamdır.

Maraqlıdır, seçkidən sonra hansı dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev yerli mətbuata müsahibəsində cəmiyyətə, xalqa bir sıra mesajlar verib:

“Mesajların mahiyyəti ondan ibarətdir ki, Azərbaycan mühüm və məsuliyyətli bir mərhələyə daxil olur. Bu mərhələdə qarşımızda çox vacib vəzifələr durur və həmin istiqamətlərdə ciddi formada düşünməliyik. Əslində, bir ciddi mesaj bu idi ki, Azərbaycan yeni qələbələr, uğurlar, addımlar barədə düşünməlidir. Məsələyə bu prizmadan yanaşanda aydın olur ki, seçkilərdən sonra Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq”.

Ceyhun Məmmədov

Deputat vurğulayıb ki, bu addımların necə, hansı formada olacağı birbaşa cənab Prezidentin səlahiyyətindədir:

“Biz çox ağır və vacib bir mərhələyə daxil olmuşuq. Ona görə də güclü komandaya, dərin islahatların aparılmasına böyük ehtiyac yaranıb. O mənada, düşünürəm ki, vacib addımlar və qərarlar olacaq”.

AĞ Partiya sədri Tural Abbaslı da deyib ki, Prezidentin çıxışı böyük dəyişikliklərin anonsu hesab edilə bilər:

“Ölkə başçısı istədiyi an vəzifəyə yeni adam təyin edə və ya vəzifəsindən azad edə bilir. Amma Prezident son çıxışında da dedi ki, böyük dəyişikliklər gözlənir. Ola bilsin, seçkinin sonunu gözlənilməsin və bəzi dəyişikliklər edilsin”.

Tural Abbaslı

T.Abbaslının sözlərinə görə, cəmiyyətin həyatında, yaşantısında pozitiv dəyişikliklərin olacağını zaman göstərəcək:

“Təki xalqa, cəmiyyətə, Vətənə, millətə bir xeyirli dəyişikliklər olsun. Seçkidən sonra təbii ki, daha sürətli, daha genişmiqyaslı dəyişikliklərin olması mümkündür. Amma dediyim kimi, bu, sırf hakimiyyətlə bağlıdır. Bizim indidən nəsə ehtimal etməyimiz, deməyimiz yerinə düşməz”.

Zaira Akifqızı
Globalinfo.az