Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu Zəngəzur dəhlizinin açılması mövzusunda Globalinfo.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət ünvanlayıb.
“Onlar haqlı olaraq tələb edirlər ki, Laçın dəhlizini ermənilər üçün açdığınız kimi, dəstək olun, Zəngəzur dəhlizini də bizə görə açın. Sözsüz ki, bu gün BMT daxil hər yerə bəyanat vermək olar. Amma hesab edirəm, ondan da vacib olan Zəngəzur dəhlizində, Şuşada, lap elə Naxçıvanın özündə ardıcıl iki forum təşkil etməyimiz yaxşı olar. Zəngəzur dəhlizinin açılması ilə bağlı keçirilən foruma isə bütün dünyadan olan politoloqları, iqtisadçıları, bir sözlə, dəhlizin açılması kimə maraqlıdırsa, həmin ölkə nümayəndələrini dəvət edək”.
N.Cəfəroğlu deyib ki, dəhlizin açılması ilk növbədə Ermənistanın özünə lazımdır:
“Çünki Ermənistan dünyaya həmin Zəngəzur dəhlizindən çıxır. Dediyim kimi, İran, Gürcüstan, Avropa, Amerika, Rusiya və kimin bu dəhlizin açılmasında marağı varsa, forum keçirib dəvət etmək lazımdır. Həmin dəhlizin mahiyyətini müxtəlif ölkədən gələn insanlara bəyanatla yox, dəvətlə edib əyani çatdırmaq lazımdır. Toplaşıb hər mənada müzakirələr aparmalıyıq. Həm Qafqazda təhlükəsizliyi, həm bütün dünyada iqtisadi durumun düzəlməsini müzakirə etmək gərəkdir”.
Novella Cəfəroğlu deyib ki, həmin dəhlizdən qaz və digər lazımlı məhsulların Avropaya birbaşa daşınması sirr deyil, ona görə də Azərbaycan hər kəs üçün çox vacib bir yoldur:
“Bundan başqa, bütün dünyaya göstərmək lazımdır ki, konfliktlərin çözülməsi birgə işləməklə həll olunar. Yəni birlikdə çalışıb nələrəsə nail olmaq olar. Sosial şəbəkədə bir erməninin müsahibəsi qarşıma çıxdı, o belə deyirdi: “Azərbaycan da, Türkiyə də bizim qonşumuzdur. Ona görə də biz istəsək də, istəməsək də onlarla birlikdə yaşamalıyıq”. Fakt bunu özləri də qeyd edirlər. Deməli, əgər biz bir yerdə yaşasaq, işləsək, bütün intriqalar arxa plana keçər?!”
N.Cəfəroğlu deyib ki, necə ola bilər ki, ermənilər Laçın dəhlizindən keçib Ermənistana gedə bilir, amma azərbaycanlılar üçün Zəngəzur dəhlizi açılmır:
“30 ildir Naxçıvan blokadadadır və bu illər ərzində yurdumuza rahat yolla gedə bilmirik! Bir təyyarə yolumuz var ki, bəzən yaxınlarımız öləndə, xəstəmiz olanda vaxtında gedib çata bilmirik. Dünyaya bunu çatdırmalıyıq. Ona görə də gedib Mehri yolunda dayanıb göstərmək lazımdır ki, bir neçə kilometr olan halal yolumuzu bizə vermirlər! Əgər razı deyillərsə, o zaman Laçın yolunu bağlayaq, zəhmət çəkib Ağdamdan keçib getsinlər. Bu qədər! Onlar Zəngəzur dəhlizini açmırlarsa, biz də Laçın yolunu bağlayırıq! Elə rus sülhməramlıları da gəlib Ağdam tərəfdə dayansınlar”.
Hüquq müdafiəçisi bildirib ki, indiyə qədər ermənilərin nazları ilə çox oynadıq:
“Necə olur iki milyona yaxın naxçıvanlı qalıb təyyarənin ümidinə, mallarını satışa çıxara, xəstəsini paytaxta həkimə gətirə bilmirlər, amma ermənilər rahat hərəkət edir?! Bunların hamısını dünyaya çatdırmaq istəyiriksə, sentyabr ayına kimi böyük beynəlxalq forum keçirib, bütün dünyanın diqqətini Naxçıvana yönəltmək lazımdır. Bu gün Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatlar onda görərlər ki, əsl blokada necə olur”.
Zaira Akifqızı
Globalinfo.az














