Nərminin qətli ilə bağlı yeni versiya – Əcnəbi mütəxəssis variantı

Nərminin qətli ilə bağlı yeni versiya - Əcnəbi mütəxəssis variantı

Tovuz rayonunda 10 yaşlı Nərminin qətlində ittiham edilən həmkəndlisi İlkin Süleymanova 18 il həbs cəzası verilməsi hələ də müzakirə edilir. İ.Süleymanovun doğmaları ilə yanaşı bir çox şəxslər, eləcə də tanınmış simalar onun təqsirsiz olduğunu iddia edirlər. Səsləndirilən fikirlərlə yanaşı, qatilin kimliyinin dəqiqləşdirilməsi üçün xaricdən mütəxəssislərin dəvət edilməsi variantını irəli sürənlər də var.

Xatırladılır ki, 2005-ci ildə jurnalist Elmar Hüseynov qətlə yetiriləndə Türkiyədən istintaq və əməliyyat qrupu dəvət edildi. Məhz onların fəaliyyəti nəticəsində Hacı Məmmədov və dəstəsi ifşa edildi. Nərminin gerçək qatillərinin tapılmasına hüquq-mühafizə orqanlarında bəzi qüvvələr mane ola bilər. Bunu nəzərə alıb, təkrar istintaq hərəkətləri aparılmasının obyektivliyini, tərəfsizliyini nəzərə alaraq bu addıma gedilə bilərmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib ki, kənardan istintaq qrupunun ölkəyə dəvət olunması başadüşülən deyil:

“Birinci, məhkəmə hesab etsəydi ki, qərar geri qaytarılmalıdır, qaytarılardı. İstintaq orqanı hansısa mütəxəssisə ehtiyac duysa, kimisə dəvət edə bilərdi. Hazırkı dövrdə bu, inandırıcı deyil. Hesab edirəm ki, Azərbaycanda ən son müasir texnikalar var və istənilən analizləri aparıb rəy vermək mümkündür.

Düzdür, cəmiyyət prosesi diqqətlə izləyir. Hətta tərəfləri müdafiə edən müəyyən qüvvələr dəstək olur. Lakin bu işlə bağlı xaricdən mütəxəssis dəvət etmək ağlabatan deyil”.

Zaira Akifqızı
Globalinfo.az