Müşfiq Şahverdiyevi məhkəməyə verən şirkət saytları hədələdi: “Üzr istəməlidirlər, yoxsa…”

“Xəbərin iftira dolu bir hissəsi həqiqəti əks etdirmir, qarşı tərəfin mövqeyini dinləmədən dərc olunmaqla növbəti dəfə ölkədə peşəkar jurnalist adına xələl gətirir.

Xəbərin yalnız aktyor Müşviq Şahverdiyevin “Cinemazadeh” şirkəti tərəfindən məhkəməyə verilməsi ilə bağlı olan hissəsi doğrudur, belə ki, şirkət aktyorla bağladığı müqaviləyə əsasən onun bu müqavilənin öhdəliklərini yerinə yetirmədiyinə görə, özünü də xəbərdar etməklə məhkəməyə vermişdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Cinemazadeh” şirkətinin mətbuat xidməti aktyor Müşfiq Şahverdiyevin verdiyi açıqlamaya aydınlıq gətirən zaman bildirib.

Şirkətdən saytımıza bildirildi ki, aktyor barışıq təklifini rədd etdikdən sonra “Cinemazadeh” şirkəti məhkəməyə müraciət etməli olub:

“M.Şahverdiyevin ittiham olunan tərəf kimi reaksiyası təbiidir və işlətdiyi şər, böhtan xarakterli sözlərin, təhqirlərin məhkəmədə özünə qarşı istifadə olunacağı məlumdur. Amma ölkənin bəzi tanınmış xəbər saytlarının qarşı tərəfi dinləmədən belə bir iftira dolu xəbəri yayımlaması böyük təəssüf hissi doğurur. Həmin saytlar “Cinemazadeh” şirkəti və onun rəhbəri Cəfər Axundzadədən üzr istəməli və xəbəri təkzib etməlidirlər, əks halda müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə məhkəmə qarşısında cavab verməli olacaqlar”.

Şirkət onu da əlavə edib ki, belə xəbəri paylaşmaqda tələsmək lazım deyildi:

“Xəbəri paylaşan saytların gücü və əhatə dəirəsinin nə qədər geniş olması hamıya məlumdur və xəbərin rezonans verməsi təbiidir. Amma bu hadisənin nə qədər fəsad verməsini, gənc və proqressiv bir şirkətin adına xələl gətirilməsini, ruh düşkünlüyü yaratmasını nəzərə alıb, tələsməmək də olardı”.

Zaira Akifqızı
Globalinfo.az