Bir neçə gündür müəllimləri “hinduşkabaş” adlandıran 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva müzakirə obyektinə çevrilib. Onun daha sonra uşaqlardan pul almasını sübut edən səs yazısının yayılması valideynlərin də narahatlığına səbəb olub. Əksəriyyət sözügedən şəxsin vəzifəsindən kənarlaşdırılmalı olduğu fikrini müdafiə edib.
Direktor vəzifəsindən azad olunacaqmı?
Globalinfo.az bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Bakıda müəllimlərə qarşı uyğunsuz davranış edən 301 nömrəli tam orta məktəbin direktoru ilə bağlı tədbirlər görüləcək.
Məlumata görə, məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və BŞTİ-nin nəzarətindədir.
Həmçinin qeyd olunub ki, xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini bildiriblər.
Zaira Akifqızı
Globalinfo.az














