
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.
Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq” – deyə Nazirlikdən bildirilib.














