Moskva ilə İrəvanı narahat edən qərar – Əliyev orada olarkən bəyan edildi

Moskva ilə İrəvanı narahat edən qərar - Əliyev orada olarkən bəyan edildi

Prezident İlham Əliyevin Daşkənd səfəri beynəlxalq siyasi arena ilə yanaşı, Ermənistanda da maraqla izlənilib.

Daşkənddə keçirilən “Mərkəzi Asiya (C5) + Azərbaycan” formatlı görüşdə ölkəmizin tamhüquqlu üzv statusu əldə etməsi diqqət çəkib. Analitiklərin fikrincə, bu proses təkcə ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda regional inteqrasiya və strateji əməkdaşlıq baxımından yeni mərhələnin başlanğıcıdır. Azərbaycan həm enerji, həm iqtisadi, həm də nəqliyyat-logistika sahələrində Mərkəzi Asiya ilə birbaşa əlaqələr qurmaq imkanına malik olacaq.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, dövlət başçısının Daşkənd səfəri və “Mərkəzi Asiya (C5) + Azərbaycan” formatında Bakıya tamhüquqlu üzvlük statusunun verilməsi regionda gedən geosiyasi yenidənqurmanın mühüm mərhələsini göstərir:

“Bu addım təkcə diplomatik protokol deyil, Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji şəkildə birləşdirilməsi, həm siyasi, həm enerji, həm də nəqliyyat xəritəsinin yenidən çəkilməsi deməkdir. Azərbaycanın bu formata rəsmən daxil edilməsi onu Mərkəzi Asiya dövlətləri üçün yalnız tərəfdaş deyil, regional qərarların formalaşmasında aparıcı aktor statusuna qaldırır.

Bölgə dövlətlərinin Azərbaycanla yaxınlaşmasının əsas motivləri də aydındır. Birincisi, Orta Dəhliz artıq qlobal ticarətin mühüm alternativ marşrutuna çevrilir. Çin–Avropa yük axınının Rusiya üzərindən keçməsinə dair risklər artdıqca Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı yeni logistika xətti strateji əhəmiyyət qazanır. “C5+A” formatı bu dəhlizi daha koordinasiyalı, çevik və  təhlükəsiz etmək məqsədi daşıyır. Bu isə Bakının geoiqtisadi rolunu daha da gücləndirir.

İkincisi, enerji təhlükəsizliyi məsələsində Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan mühüm körpüdür. Xəzər hövzəsi üzərindən qaz və enerji layihələrinin genişləndirilməsi həm region ölkələrinin Avropa bazarına çıxışını artırır, həm də Azərbaycanın enerji diplomatiyasına yeni dərinlik qazandırır. Gürcüstan üzərindən keçən xəttin gücləndirilməsi, Xəzərin şərq-qərb istiqamətində inteqrasiya olunması məhz bu platformanın gələcək gündəminə daxildir”.

Moskva ilə İrəvanı narahat edən qərar - Əliyev orada olarkən bəyan edildi
Züriyə Qarayeva

Politoloq bildirib ki, bu prosesin Ermənistan tərəfindən narahatlıqla qarşılanması da təsadüfi deyil:

“Çünki “C5+A” formatı faktiki olaraq Cənubi Qafqazda yeni güc mərkəzi yaradır və Ermənistan bu geosiyasi layihələrdən tamamilə kənarda qalır. Regiondakı ticarət, enerji və təhlükəsizlik xəritələri Azərbaycan mərkəzli şəkildə formalaşdıqca İrəvanın strateji çəkisi azalır və bu, Ermənistanın daxili siyasi müzakirələrində ciddi narahatlığa səbəb olur. Mərkəzi Asiyanın Azərbaycanın yanında dayanması Ermənistanın illərdir qurmağa çalışdığı “regional təcrid” tezisini tamamilə mənasızlaşdırır.

Bu formatın arxasında daha böyük plan dayanır. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yaratdığı siyasi sinxronlaşma – Türk Dövlətləri Təşkilatının (TDT) gələcəkdə daha geniş bir siyasi və iqtisadi blok kimi formalaşmasına zəmin yaradır. Bu, təkcə türkdilli xalqların mədəni yaxınlığı deyil, həm də qlobal güc boşluqları fonunda yeni regional ittifaqların meydana çıxması deməkdir. Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid strategiya altında birləşdirilməsi həm Çinin, həm Rusiyanın, həm də Qərbin regionla bağlı planlarını yenidən nəzərdən keçirməsinə səbəb olur.

Nəticə etibarilə, “C5+A” formatında Azərbaycanın tamhüquqlu üzvlüyü regionda yeni siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının nüvəsi kimi çıxış edir. Bu inteqrasiya gələcəkdə nəqliyyat dəhlizlərinin genişlənməsi, enerji xəritələrinin yenilənməsi və Türk dünyasının daha koordinasiyalı şəkildə hərəkət etməsi ilə davam edəcək. Ermənistanın reaksiyaları isə göstərir ki, proses artıq geri dönüşü olmayan xarakter alıb və yeni regional nizamın mərkəzində Azərbaycan dayanır”.

Turan Rzayev
Globalinfo.az