Moldovada gərginlik artır: Rusiyayönümlü müxalifət hökumətin diktatura yaratdığını deyir

Moldova hökuməti nəzarətçi orqanların səlahiyyətlərini artıracaq ki, müxalifətə qarşı onlardan istifadə edə bilsin.

Globalinfo.az xəbər verir ki, bunu Moldovanın Kommunistlər və Sosialistlər Blokundan olan deputat Adrian Alba deyib.

O, Moldovanın hakim Hərəkət və Həmrəylik Partiyasının yalnız sözdə demokratiya ideyasını irəli sürdüyünü, amma əslində ölkəni diktator rejiminə apardığını iddia edib.

Qeyd edək ki, Moldovada iqtidar və müxalifət arasında Ukrayna müharibəsindən sonra kəskin ideoloji fərqlər yaranıb. Hökumət Qərbə açıq inteqrasiya yolunu seçsə də müxalifət Rusiyadan uzaqlaşmanın əleyhinədir. Bu da rusiyayönlü müxalifətin birləşməsinə şərait yaradıb. Müxalifətin Moskvada görüşünün baş tutması iqtidarın narahatlığını artırıb. Onlar müxalifətin Rusiyanın dəstəyi ilə ölkədə çevriliş edə biləcəyindən narahatdırlar.

Mövcud vəziyyət həmçinin türklərin yaşadığı Qaqauziya muxtariyyatında özünü göstərməyə başlayıb. Qaqauz liderlərin rusiyayönlü olması, onlarla iqtidar arasında münasibətləri gərginləşdirib. Bu da bölgədə yeni separatçı fəaliyyətin yaranması ehtimalını artırıb. İqtidarın Qərbə inteqrasiya kursuna Dnestryanı separatçı bölgəsi də qarşı çıxıb.

Əliyar Xəlil
Globalinfo.az