Mirziyoyevi Bakıya gətirən səbəblər – Orta Asiyada və Güney Qafqazda müdhiş planlar hazırlanır

Mirziyoyevi Bakıya gətirən səbəblər – Orta Asiyada və Güney Qafqazda müdhiş planlar hazırlanır

Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində onun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada iştirakı da nəzərdə tutulur.

Ümumiyyətlə Özbəkistan və Azərbaycan arasında son illərdə əməkdaşlığın genişləndiyi siyasi əlaqələrin intensivləşdiyi müşahidə edilir.

Maraqlıdır, iki ölkəni bir-birinə yaxınlaşdıran səbəb nədir? Siyasi əlaqələrin intensivləşməsi ortaq təhdiddən qaynaqlanır, yoxsa başqa bir səbəb var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan MAAM Türküstan Araşdırmalar Departamentinin eksperti Kamran Sultanlı deyib ki, Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistanın xarici siyasətində müsbət dəyişikliklər görürük:

“İslam Kərimov dövründə özünütəcrid və neytral siyasət aparan Özbəkistan Mirziyoyev dövründə aktiv, praqmatik siyasət aparır.

Özbəkistanla Azərbaycanı birləşdirən ən əsas xüsusiyyətlərdən biri hər iki ölkənin Qərb və Rusiya arasında gedən geosiyasi rəqabətdə tərəf tutmaması, hər iki ölkənin suveren və müstəqil siyasət aparmaq bacarığıdır. Həm Özbəkistan, həm də Azərbaycan Ukraynanın ərazi bütövlüyünə aktiv dəstək verməklə yanaşı, Rusiya ilə də münasibətləri qoruyurlar. Qeyd edim ki, Mirziyoyev dönəmində Özbəkistan Türk Dövlətləri Təşkilatına geri döndü və daha aktiv iştiraka başladı.

Bu gün Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, hərbi əlaqələr də inkişaf edir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Orta Asiyada real gücüdür, buna görə anqlosakson qanadı hər iki ölkə ilə əməkdaşlığa maraqlıdır”.

Ekspert deyib ki, Özbəkistan və Türkiyə arasında son illər birgə çəkilən filmlər, Özbəkistanda artan Türkiyə təsiri, eyni zamanda Türkiyənin Cənubi Qafqazda da real güc olması, Özbəkistanın Azərbaycan və Türkiyə ilə hərbi təlimləri, hərbi əməkdaşlığın inkişafından və perspektivlərindən xəbər verir:

“Özbəkistanın KTMT üzvü olmaması da onun manevr imkanlarını artırır. Hesab edirəm ki, Orta Asiyanın lider dövləti olan, tarixi dövlətçilik mərkəzi, Türk dünyasının mədəni mərkəzi sayılan Özbəkistan Türk dünyasını Qərb dünyası ilə bağlayan əsas halqa funksiyasını yerinə yetirən Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.

Deyə bilərəm ki, Özbəkistan və Azərbaycan arasında rəsmi səfərlər sürətlə artır. Özbəkistan prezidentinin Bakı səfərində həm Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi, Azərbaycanla iqtisadi münasibətlər, eyni zamanda mədəni və siyasi əlaqələr əsas müzakirə predmeti olacaq. Ukrayna müharibəsindən sonra Orta Asiya öz geosiyasi çəkisini artırıb, Özbəkistan da burada xüsusi rola malikdir. Azərbaycan da Türkiyə ilə birlikdə Şərq-Qərb dəhlizinin əsas mərkəzi kimi Özbəkistanla münasibətlərə xüsusi önəm verir. Burada həm də Türk dünyasında ortaq inteqrasiya layihəsi də əsas məqsədlərdən biridir”.

Turan Rzayev
Globalinfo.az