Mirşahindən deputatlığa namizədlərə sərt sözlər: “Yalan danışırsınız…”

 

Mirşahindən deputatlığa namizədlərə sərt sözlər: "Yalan danışırsınız..."

Real TV-nin rəhbəri Mirşahin Ağayev deputatlığa namizədləri sərt şəkildə tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, Facebook hesabında namizədlərin təşviqat kampaniyası zamanı seçicilərə yalan vədlər verdiyini yazıb.

Bildirib ki, millət vəkilliyinə namizədlərin kifayət qədər geniş kütləsi hansı post üçün mübarizə apardığını başa düşmür:

“Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. Qarşıda hələ ki bir neçə gün var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır. İpucu təklif edirəm: məsələn seçicilərinizə bunları çatdıra bilərsiniz:

-Milli Məclis üzvü seçiləcəyiniz halda hansı qanunların qəbul edilməsinə nail olacaqsınız?

-Hansı köhnəlmiş qanunları dəyişəcəksiniz?

-Dövlətin güclənməsinə parlament fəaliyyətinizlə necə töhfə verəcəksiniz?
… və sair…”

Real TV-nin rəhbəri namizədlərə özünəməxsus şəkildə xitab edib:

“Ay əzizlərim! Axı bu, nə prezident, nə də bələdiyyə seçkiləridir. Axı siz parlamentə yol çəkməyə, kitabxana açmağa, qiymətləri aşağı salmağa getmirsiniz. Siz Qanun qəbul etməlisiniz: Qa-nun! Seçici ilə görüşlər də elə sizin ictimai rəyi öyrənməyiniz üçündür ki, bir növ diaqnostika aparasınız, cəmiyyətə hansı qanunların lazım olduğunu onların özündən öyrənəsiniz. Sonra Milli Məclisdə məhz o qanunların qəbul edilməsinə çalışasınız. Bağışlayın məni, amma axı yalan danışırsız.. Olmaz axı belə. 1 sentyabra cəmi dörd (sükut gününü də çıxsaq üç gün!) qalır. Vəzifənizi, səlahiyyətinizi başa düşüb söz verin”.

Globalinfo.az