Qərbyönlü Rusiya KİV-ləri Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikinin həbs olunduğunu yazıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Rusiyada çox ciddi təlatümlər baş verir:
“Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyama başlaması Rusiya siyasi elitasında müşahidə edilən parçalanmanı daha da gücəndirdi. Ukrayna müharibəsinə görə hərbi elita daxilindəki hərc-mərclik, xaotik durum pik həddə çatdı. Təsadüfi deyil ki, Priqojinin qiyamına bir çox yüksəkrütbəli hərbçi də dəstək verdi.
Qiyam fonunda bir çox mühüm şəxsin həbsi, vəzifədən uzaqlaşdırılması gündəmdədir. Bu kontekstdə Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikinin həbs olunması real ola bilər.
Sergey Surovikin “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyama başlamaq planlarından əvvəlcədən xəbərdar olmasına dair məlumatlar da var”.
Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin və onun müavini general-polkovnik Andrey Yudinin vətənə xəyanətdə günahlandırıldığı barədə xəbərlər yayılıb.
Daha sonra Yudin özünün həbs olunduğu barədə xəbərləri təkzib etsə də, Surovikinin harada olmasından xəbərsiz olduğunu bildirib.
Turan Rzayev
Globalinfo.az













