Maşın almaq istəyənlərin nəzərinə: vəziyyət dəyişdi

Maşın almaq istəyənlərin nəzərinə: vəziyyət dəyişdi

Azərbaycanda avtomobil kreditlərinin qiyməti artıb. Belə ki, 2024-cü ilin sonunda faiz dərəcəsi 10% olduğu halda, bu göstərici iyun ayında 12%-ə, sentyabrda isə 13%-ə yüksəlib.

Bu artım avtomobil almaq istəyənlərə nə vəd edir?

Globalinfo.az-a danışan Bakı Ali Neft Məktəbinin kafedra müdiri, iqtisadçı Altay İsmayılov deyib ki, faiz artımına təsir edən amillərdən biri hibrid avtomobillərə tətbiq edilən vergi imtiyazlarının ləğvi ilə bağlı gözləntilərdir:

“Bir neçə aydır ki, bu imtiyazların davam edib-etməyəcəyi ilə bağlı suallar var idi. Mümkün ehtimallar xüsusən də, köhnə hibrid modellərə olan tələbi artırdı. İnsanlar qiymətlərin bahalaşacağını düşündüyü üçün belə maşınları almağa tələsdilər. Nəticədə tələb artdı, bu da dolayı yolla kredit faizlərinin yüksəlməsinə təsir göstərdi. Avtomobil kreditlərinə olan tələbin artması faizlərin də bahalaşmasına səbəb olur”.

Maşın almaq istəyənlərin nəzərinə: vəziyyət dəyişdi
Altay İsmayılov

Ekspert bildirib ki, faiz artımının digər mühüm səbəbi makroiqtisadi amillərlə, xüsusən də inflyasiyanın yüksəlməsi ilə bağlıdır:

“2024-cü ildə inflyasiya təxminən 2 faiz civarında idi, bu il isə 6 faizə yaxınlaşıb. Yəni təxminən üç dəfə artıb. İnflyasiya yüksəldikdə, nominal faizlər də artmalıdır. Çünki pulun dəyəri azalır və banklar real gəlirliliklərini qorumaq üçün kredit faizlərini qaldırırlar. Bundan başqa, hazırda depozit faizləri də ötən illə müqayisədə yüksəkdir. Ümumiyyətlə, Azərbaycanda depozit faizləri orta hesabla 9 faiz səviyyəsindədir. Belə şəraitdə banklar 10 faizlə avtomobil krediti versələr, bu, onlar üçün sərfəli olmur”.

İqtisadçı qeyd edib ki, banklar riskləri minimuma endirmək məqsədilə daim kredit siyasətlərini yeniləyir:

“Banklar daim riskləri azaltmaq strategiyası yürüdürlər. Bunun nəticəsi kimi, daha riskli kreditlərə ehtiyatlı yanaşır və faizləri ona uyğun tənzimləyirlər. Son faiz artımı da bu yanaşmanın təzahürlərindən biri kimi qiymətləndirilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az