Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.
Xatırladaq ki, sabah Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin qəbulu gözlənir. Bu ərəfədə Makronun Əliyevə zəng etməsi diqqət çəkir.
Bəs Fransa Prezidentini İlham Əliyevlə danışmağa məcbur edən nədir?
Politoloq Yeganə Hacıyeva mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, Emmanuel Makronun Azərbaycan Prezidentinə telefon zənginin bir neçə vacib əsasları var:
“Prezident İlham Əliyev bundan öncə 44 günlük Vətən müharibəsinin bitməsinin iki iliyinə həsr olunmuş çıxışı zamanı Fransanın ünvanına onun Azərbaycana və prosesə münasibətdə dürüst olmamasına dəlalət edən faktlar səsləndirmişdi. Emmanuel Makronun adının qeyri-obyektiv və qərəzli tərəf kimi səslənməsi Fransanın iddia etdiyi beynəlxalq arbitr rolunu oynamağa çalışdığı digər proseslərdə onun imicini zədələyir. Yəni bunun geniş kütləyə elan olunması Fransanın beynəlxalq ictimaiyyət arasında nüfuzuna mənfi təsirlər göstərir.
Azərbaycan prezidentinin çıxışından sonra E.Makronun ona məhz Ermənistan baş naziri ilə növbəti görüş öncəsi zəng etməsi bu əhvalı bir az yumşaltmaq məqsədi daşıyır. Ona görə də Makron illik Frankofonya tədbirləri çərçivəsində Ermənistan baş naziri ilə görüşün detalları ilə bağlı məlumatlar verir”.
Y.Hacıyeva qeyd edib ki, Makronun telefon zənginin Senatda qəbul olunacaq qətnaməsi ilə əlaqəsi var:
“Makron Azərbaycana münasibətdə pozitiv olduğunu, Senatın qərarları müstəqil şəkildə verdiyini göstərməyə çalışır. Biz bilirik ki, bu belə deyil və Senat bu layihənin qəbul olunması ilə bağlı hətta Makrona təzyiq də edir.
Ermənistanın Cənubi Qafqazda güclənməsi bəndini özündə ehtiva edən bu qətnamədə proseslər təkcə Azərbaycana qarşı deyil, həm də ölkəmizin böyük müttəfiqlərinə qarşıdır. Fransanın Ukraynaya görə Avropa Birliyində guya təklənən və proseslərdən kənarlaşdırılan Rusiya ilə eyni mövqedə çıxış etməməsinə baxmayaraq, qətnamənin bəndlərinin hamısı Rusiyanın maraqlarının xeyrinədir. Makron istər Frankofoniya görüşü öncəsi, istərsə də qətnamənin qəbul edilməsində bu iki faktı gizlətməyə cəhdlər edir və bu da o cəhdlərdən biridir”.
Politoloq Aqşin Kərimov isə Makronun Əliyevə zəngini şərh edərkən Cənubi Qafqaz tamaşasında Fransanın 3 məqsədinin olduğunu deyib.
Onun sözlərinə görə, Fransa Cənubi Qafqaz siyasətinin nüanslarını davam etdirmək üçün müvafiq çərçivələr tapmaq axtarışındadır.
“Paris Cənubi Qafqaz regionunun prioriteti olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı təşəbbüslərini sabitliyin qorunub-saxlanılması, münaqişələrin qarşısının alınması ifadələri ilə epitetləsə də, onun mövqeyi Bakının siyasəti ilə uyuşmur. Elə bu uyğunsuzluq, sülh və təhlükəsizlik modelinə dair bir-biri ilə ziddiyyət təşkil edən mövqelər Fransa Prezidenti Emmanuel Makronu Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməyə vadar edib”, – deyə o vurğulayıb.
Politoloq qeyd edib ki, Makronun telefon diplomatiyası Fransanın dünya üzrə sönməkdə olan qlobal maraqlarını Cənubi Qafqazla kompensasiya etmək üçün bir yol kimi qiymətləndirilə bilər:
“Ermənistana qucaq açaraq vasitəçilik təşəbbüsünü şübhə altında qoyan Fransa Azərbaycanın ərazi suverenliyinə təhdid yaratmaq xəttinə getməklə, həyata keçirmədiyi və ya nəzarət edə bilmədiyi prosesdə təsir vasitəsinə çevrilmək niyyətindədir. Ona görə də Fransa Azərbaycanın siyasəti ilə barışıb reallıqları qəbul etməyin ən optimal seçim olduğunu dərk edir, ancaq Paris İrəvana bir neçə səbəbə görə revanşist nəfəs verir”.
Ekspert məsələ ilə bağlı bəzi vacib məqamlara toxunub.
“İlk növbədə Fransa qavrayır ki, Ermənistan onun maraqlarını tərəfdaşlıqla deyil, mütiliklə təmin edəcək və regionda Türkiyənin möhkəmlənməsinə maneələrin yaradılmasında rol oynayacaq. İkincisi, Fransa Cənubi Qafqazı alternativ qismində görür və o, bu regionda Rusiya vasitəsilə dirçəlib meydan oxumağa çalışır.
Üçüncü və sonuncu nüans olaraq, Paris Azərbaycan-İran münasibətlərindəki gərginlik fazasını Bakıya qarşı cəbhə platforması kimi diqqətdə saxlayır”.
A.Kərimov əlavə edib ki, Fransa bu 3 istiqamət üzrə arzularını Avropa İttifaqının çərçivəsindən kənarda, qlobal geosiyasi əhəmiyyətini təsdiqləmək üçün həyata keçirməyi hədəfləyir:
“Makronla Əliyevin sonuncu danışıqlarının mayasında Parisin Azərbaycan-Ermənistan gündəliyində Avropa İttifaqından kənar moderatorluq roluna sahiblənmək ambisiyaları da eyni məqsədin subliminal əyanıdır. Digər tərəfdən (dördüncü istiqamət deyə bilərik), Paris Ermənistanı dəstəkləməklə Fransadakı erməni lobbisi və erməni icmasının könlünü xoş tutmaq istəyir ki, bu da sırf daxili-siyasi məsələlərin perspektivi üçün nəzərdə tutulur”.
Ekspert sonda vurğulayıb ki, Fransanın Cənubi Qafqazda potensial alternativ kimi genişlənmək sevdası reallaşmayacaq, çünki Qərbin iki gücü – ABŞ və Böyük Britaniya da dünya üzrə Fransanın ekspansiyasını zəiflədən proses başladıblar.
“Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-İran hibrid savaşı Cənubi Qafqazın böyük siyasi təlatümlə üzləşməsi riskini və geosiyasi tamahları artırır. Amma nə Azərbaycan, nə Türkiyə, nə ABŞ, nə də Britaniya bu rəqabət meydanında Fransaya yer vermək marağında deyillər. Rusiyaya gəlincə, o, Cənubi Qafqaz teatrında Fransanı yalnız formal tərəfdaş kimi görə bilər və Moskva özü də NATO-nun bir üzvü olan Fransanın regionda “at oynatmasına” şərait yaratmayacaq”, – deyə A.Kərimov fikrini tamamlayıb.
Gülnar Səlimova,
Globalinfo.az














