“Fransa Prezidenti Emmanuel Makronla Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Leyenin Çinə birgə səfəri başa çatıb. Gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən narahatdır:
“Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır. Daha əvvəl Pekində Avropadan Almaniyanın kansleri Olaf Şolts, İspaniyanın baş naziri Perdo Sanşes və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozep Borell olmuşdular.
Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur. Çin lideri Si Szinpin Fransa Prezidenti Emmanuel Makronla Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri Rusiyanı qınamaqdan imtina edib. Halbuki ortaq mətbuat konfransında Fransa Prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb.
Elxan Şahinoğlu
Makron Pekində bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Si Szinpin Emmanuel Makronun bu çağırışını dəstəkləməyib. Çi Szinpinin yeganə güzəşti o olub ki, Çin lideri Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefon zəngi edəcəyini vəd verib. Ancaq Szinpin bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib”.
Politoloqun sözlərinə görə, Çin lideri əvvəlkitək hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır:
“Si Szinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalıydı. Beləliklə, Fransa prezidentinin və Avropa İttifaqının Komissiyasının rəhbərinin Pekinə səfəri nəticəsiz qalıb. Bu, əvvəlcədən də bəlliydi. Belə olan halda Makron və Ursula Fon der Leyen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdarlıq əhəmiyyəti daşıyır ki, Çin Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək. Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin Avropa İttifaqı dövlətləri ilə sıx iqtisadi əlaqələri var. İyun ayında Avropa İttifaqı-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə, Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək”.
Turan Rzayev
Globalinfo.az














