Makrona xəyanət: Qardaşı dediyi adam yerinə göz dikdi

Makrona xəyanət: Qardaşı dediyi adam yerinə göz dikdi

Fransanın istefaya göndərilmiş keçmiş Baş naziri Qabriel Attal Prezident Emmanuel Makron üçün əsas təhdidə çevrilə bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politico” qəzeti çıxış edib.

Qəzet yazır ki, Fransada keçirilən son seçkidə sağçıların qalib gəlməsinə əsas əngəl məhz Q.Attal tərəfindən yaradılıb. Üstəlik, E.Makronun təcili seçkiyə getmək qərarı tərəfdarları arasında narahatlığa səbəb olub. Onlar prezidentin reytinqinin istənilən kimi olmamasından qorxaraq Makron yerinə Attalın yanında toplaşmağa başlayıblar:

“Keçmiş baş nazir zamandan istifadə edib mərkəzi qrupu parlamentdə öz nəzarətinə alıb. Bu, prezidentin istəklərinin əksinədir. İndi 35 yaşlı Q.Attal partiyaya rəhbərlik etmək niyyətindir. Bu da yenidən onu Fransa prezidenti ilə toqquşmaya aparır. Halbuki Makron bir zamanlar onu kiçik qardaşına bənzədirdi”.

Qəzet həmçinin ona da diqqət yetirib ki, Q.Attal 2017-ci ildən etibarən E.Makronun yaxın köməkçisi olub. Amma bütün bu müddət ərzində yaşanan heç bir problemdən zərər görməyib. Franslı ekspert Batis Dyuponun sözlərinə görə, Attal hələ də fransızlar arasında populyardır və Makronun partiyasının seçkidə uduzması onun nüfuzuna təsir etməyib:

“Seçkinin növbədənkənar keçirilməsi qərarı səs-küy yaratmadı. Ona görə də Attal populyarlığını itirmədi. O, baş nazir olduğu müddətdə Makrona qarşı çıxır, parlamentin buraxılması qərarını niyə verdiyini anlamadığını deyirdi. Nəticədə mənfi obraz prezidentin üzərinə yükləndi”.

Bununla belə “Politico” iddia edir ki, Qabriel Attalın ambisiyaları Emmanuel Makronu daha çox narahat edir. Belə ki, Makron öz ofisində Renesans Partiyasının rəhbərliyi ilə görüşündə onlara siyasi qüvvəyə liderlik üçün indidən mübarizəyə başlamamağı məsləhət görüb. Attalın isə planı fərqlidir. O, həm partiyaya rəhbərliyi, həm də parlament qrupuna nəzarəti ələ keçirmək istəyir.

Əliyar Xəlil
Globalinfo.az