Ukraynaya “Leclerc” tanklarının verilməsi istisna olunmur.
Globalinfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.
““Leclerc” tanklarına gəldikdə deməliyəm ki, bu məsələ üzərində işləməyi müdafiə nazirinə tapşırmışam. Heç nə istisna deyil” – deyə Makron qeyd edib.
Fransa prezidenti bildirib ki, Kiyevə tanklar 3 şərtlə verilə bilər. Tankların verilməsi eskalasiyaya səbəb olmamalı, Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalı və eyni zamanda Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır.
Öz növbəsində Almaniya kansleri bildirib ki, tərəflər Ukraynaya böyük maddi və humanitar dəstək göstərib, həmçinin silahla təchiz ediblər.
Movzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Paris və Berlin Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyirlər, yəni Kiyevə nə hərbi texnika veriləcəksə, Vaşinqton qabağa düşsün: Vaxtilə Avropanın göbəyindəki Bosniya müharibəsini də ABŞ-a yükləmişdilər, Deyton sazişi olmasaydı, Paris və Berlin seyr etməkdə davam edəcəkdilər. İndi də Paris və Berlin bir tərəfdən Rusiyanı qınayır, o biri tərəfdən Ukrayna torpaqlarının işğalı hesabına Kremllə barışıq gününü gözləyirlər.
Gülnar Səlimova














