Ukrayna ordusunun Rusiyaya müdaxiləsi Kiyevə üstünlük qazandırsa da şərq cəbhəsində vəziyyət ağır olaraq qalır. Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsi hələ ki, Donbasda mövcud vəziyyətin Kiyevin xeyrinə dəyişməsinə səbəb olmayıb. Əksinə, Rusiya ordusu bir neçə məntəqəni də işğal edib.
Ukrayna ekspertləri arasında isə polemika dərinləşib. Bir qisim Ukrayna ordusunun Rusiya ərazisində irəliləməsin dəstəkləyərkən, digər qisim şərq cəbhəsinin gücləndirilməsi və ordunun Kursk istiqamətinə cəlb edilən elit hissələrinin işğal altındakı yaşayış məntəqələrini azad etməsi üçün Donbasda əks-həmlələr həyata keçirməsinin vacibliyini bildirirlər.
Ukrayna geri addım atacaq, ya Kurskda irəliləyəcək? Rusiya Kurskdan Ukraynanı çıxara biləcək? Bu baş verərsə Kiyev üçün hansı təhlükələr gözlənilir?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ukrayna ordusunun Kurska hücumu həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğundur:
Əziz Əlibəyli
“Rusiya kontekstindən baxdıqda bu hal cəmiyyətin reform edilib prezident Vladimir Putinin istədiyi kimi hərbi müqavimətin yaradılmasına imkan yaradır. Yəni V.Putin cəmiyyətin müharibəyə daha həvəsli olmasını istəyir. Artıq buna müəyyən mənada nail olub. Kurska hücum mülki rusları da qəzəbləndirib. Ruslar hətta hazırda müharibəni “ikinci böyük vətən müharibəsi” olaraq görür.
Bundan başqa ruslar Ukrayna ordusunun Kurksa hücumunu hərbi taktiki qələbəyə çevirmək istəyir. Belə ki, ənənəvi rus döyüş taktikasına görə düşmən öncə əraziyə buraxılır, daha sonra yorulur, yekunda isə hücumla məhv edilir. Hazırda bu planın icrasına başlanıb.
Ukraynaya gəldikdə isə Kiyev bu yolla sadəcə işğalda olan torpaqların ələ keçirilən ərazilərlə mübadiləsinə nail olmaq istəyir. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də son çıxışında bunu açıq şəkildə bildirdi. Aydın məsələdir ki, Ukrayna nə Rusiya ərazilərini işğal edəcək, nə də bu əraziləri əldə saxlayacaq canlı qüvvəyə, texnikaya malik deyil. Kiyev sadəcə işğal edilən torpaqların geri verilməsin istəyir.
Bununla belə, rusların Ukraynada irəliləməsi dayanmır. Bu, Ukraynanı narahat edir. Əgər bu irəliləyişin qarşı alınmasa Kiyev üçün vəziyyət ağır olacaq”.
Turan Rzayev
Globalinfo.az














