Kür çayının daşması bir çox ərazilərdə təsərrüfatın su altında qalmasına səbəb olub. Artıq torpaq dolanışıq mənbəyindən çox, zərər və stress qaynağına çevrilir. Bəzən quraqlıq olur deyə məhsul yetişmir, bəzən isə yağıntılar çox olur, sel suları əkinləri məhv edir.
Digər hallarda isə məhsul üçün bazar tapılmır, yetişdirilən meyvə-tərəvəz fermerin əlində qalır. Tovuzda minlərlə ton soğanın əldə qalması buna nümunədir.
Belə vəziyyətlərdə hökumət fermerlərə hansı dəstəyi göstərə bilər?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılması üçün fermerlərə iki istiqamətdə dəstək verilməlidir:
“Birincisi, ölkə üzrə soyuducu anbarlar şəbəkəsi qurulmalı və fermerlərə ya pulsuz, ya da simvolik qiymətlə icarəyə verilməlidir. Bu, onlara məhsulu mövsümə uyğun şəkildə saxlamağa və daha sərfəli vaxtda satışa çıxarmağa imkan verər. İkincisi isə fermerdən birbaşa satış nöqtəsinə, yəni “tarladan piştaxtaya” zəncirinin qurulmasıdır”.
Natiq Cəfərli
İqtisadçı qeyd edib ki, ölkədə böyük marketlər şəbəkəsi geniş paya malikdir:
“Hazırda ölkədə ticarətin əhəmiyyətli hissəsi böyük marketlər vasitəsilə həyata keçirilir. Ərzaq məhsullarının isə təxminən yarıya yaxını bu şəbəkələr üzərindən satılır. Bu baxımdan, hökumət tərəfindən təşviq proqramları hazırlanmalıdır ki, marketlər fermerlərlə birbaşa müqavilə bağladıqları halda vergi güzəştləri əldə etsinlər. Problemlər çoxdur, lakin bu iki əsas istiqamətdə addımlar atılsa, fermerlərin üzləşdiyi çətinlikləri xeyli azaltmaq olar”.
Zaira Akifqızı
Globalinfo.az